Təbiətə qayğı hər kəsin borcudur
Region

Təbiətə qayğı hər kəsin borcudur

Laçın

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd yerlərindən, evlərindən didərgin düşmüş  və uzun illər ərzində Ağcabədi rayonu Taxtakörpü ərazisində məskunlaşan laçınlılar əzəli və əbədi torpaqlarına qayıtmağa hazırlaşırlar. Düşmən tərəfindən dağıdılan və viran edilən Laçın şəhərində və ətraf kəndlərdə aparılan quruculuq işlərinin gedişi onu göstərir ki, bu torpaqların sahibləri tezliklə tarixi yurd yerlərində yeni bir həyata qovuşacaqlar.  Böyük Qayıdış planına əsasən laçınlıların böyük əksəriyyəti cari ilin yayında yeni və müasir evlərə köçəcəklər.  Yurda qayıdacaq əhalinin ekoloji maarifləndirilməsi məqsədilə Laçın Rayon İcra Hakimiyyətində silsilə tədbirlər keçirilir.  

Növbəti tədbir Qayğı qəsəbəsində keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri,  Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin,  suvarma sistemləri idarəsinin,  kommunal müəssisələri kombinatının, rayon yaşıllaşdırma idarəsinin rəhbərliyi,  Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev tədbirdə çıxış edərək bildirib ki,  Vətən müharibəsində şanlı qələbənin qazanılmasında laçınlılar da düşmənə qarşı qəhrəmanlıqla döyüşüblər, igid oğullarımızın qanı tökülən torpaqlar bizim üçün çox müqəddəsdir. Vəhşi düşmən Laçının flora və faunasına çox ciddi ziyan vurub, meşələri qırıblar, çayları zəhərləyiblər, bir sözlə, təbiətə ağır yaralar vurulub. İşğaldan azad edilən torpaqlarda ekoloji tarazlığın bərpa edilməsi istiqamətində layihələr icra olunur,  ekoloji problemləri həll etmək üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Hazırda yaşadığımız  Taxtakörpü ərazisində də yüzlərlə ağac və gül kolları əkilib, yaşıllıqlar salınıb.  Ekologiyanın qorunması hər bir vətəndaşın borcudur, ətraf mühitin sağlamlaşdırılması istiqamətində  ardıcıl iş aparılır.                                                                            

 

Ağcabədi

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Təmiz Aran” layihəsinin icrasına başlanılıb. “ASAN Könüllüləri” və “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin gənclərinin iştirakı ilə Ağcabədi, Bərdə və Yevlax rayonlarında təmizlik aksiyası həyata keçiriləcək. Əvvəlcə Bərdə regional “ASAN xidmət” mərkəzində layihə iştirakçıları ilə görüş keçirilib,  sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edərək,  şəhidlərin məzarı üzərinə çiçək dəstələri düzüblər.  Gənclər ziyarət zamanı şəhid Xudayar Yusifzadənin anası ilə də görüşüblər.  Qeyd edək ki,  layihənin əsas məqsədi ətraf mühitin qorunması,  əhalinin sıx olduğu ərazilərin tullantılardan təmizlənilməsi və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsidir. Layihə iştirakçıları tərəfindən Tərtər çayının Bərdə rayonu ərazisindən keçən sahilyanı hissəsində və Xan meşəsində təmizlik aksiyası həyata keçirilib. Layihənin növbəti günləri Ağcabədi və Yevlax regionlarında həyata keçiriləcək.

                                         Salman ALIOĞLU,

                                            “Respublika”.