TERRORÇULAR BEYNƏLXALQ HÜQUQ NORMALARINA UYĞUN CƏZALANDIRILMALIDIR
Region

TERRORÇULAR BEYNƏLXALQ HÜQUQ NORMALARINA UYĞUN CƏZALANDIRILMALIDIR

İranın paytaxtında ölkəmizin səfirliyinə edilən silahlı basqın, törədilən terror hadisəsi bir ziyalı kimi məni çox düşündürür və hiddətləndirir.

İxtisasca tarixçiyəm. İranın tarix boyu bizə münasibəti yaxşı olmayıb. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda İran dövləti bitərəf mövqe tutub. Əvvəl ADR-in müstəqilliyini tanımaq istəməyib. Hətta bir sıra dünya dövlətlərinə də müraciət edib ki, Azərbaycanın istiqlaliyyətini, müstəqilliyini tanımasınlar. Guya ölkəmizin ərazisi onun əzəli torpağı olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cənub qonşumuz gizli və açıq şəkildə məkrli siyasətini davam etdirməyə başladı. Şuşanın işğalında İranın pərdəarxası rolu gün kimi aydındır. Qarabağın digər rayonlarının işğal olunmasında da ermənilərlə həmfikir, müttəfiq olublar. Tarixi düşmənimizə silah, ərzaq, yanacaq və digər strateji məhsullar göndərməklə onlara hərtərəfli yardım ediblər.

Birinci Qarabağ müharibəsində ermənilərin bizə atdığı mərmilərin İran istehsalı olduğu təsdiqlənmiş faktdır. İşğal dövründə soydaşlarımıza məxsus evlərin, binaların, strateji obyektlərin sökülməsində, şəhər və kəndlərimizin xarabazara çevrilməsində ermənilərlə əlbir olduqları da məlumdur. Həmin tikinti materiallarının İran ərazisində bazar açıb satılması da sübuta yetirilib. 

Namərd düşmən Qarabağda 60-a yaxın məscidimizi, tarixi abidələrimizi dağıdanda, məscidlərdə donuz saxlayanda İran mollaları haraya baxırdı? İslam qanunlarına daban-dabana zidd olan bu cür vəhşiliyə qarşı niyə səslərini çıxarmırdılar? Çünki sözdə İslam dövləti olsalar da, əslində, xristian ermənilərə məhəbbətləri daha böyükdür. Əgər belə olmasaydı, xaricdəki erməni lobbisinin göndərdiyi silahları öz ərazisindən Ermənistana ötürməzdilər. Gürcüstan xristian ölkəsi olsa da qonşu Azərbaycana görə buna imkan vermədi.

44 günlük haqq savaşımızda İran Ermənistana olan dostluğunu, qardaşlığını açıq-aydın büruzə verdi. Cəbrayıl və Zəngilan rayonlarının ərazisində, hətta ordumuzun irəliləməsinə mane olmağa çalışdı.

Fars-molla hakimiyyəti müharibədə qazandığımız şanlı, tarixi qələbəmizi bu gün də qəbul etmir. Ona qardaş olan Ermənistanın məğlubiyyəti ilə barışa bilmir. Qarabağdan əli üzülüb. Qardaşlarının himayəsi ilə sərvətlərimizi dağıtmağa daha əli çatmır. Milyonlarla qazanc əldə etdiyi narkoticarəti dayanıb. Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının arxasında bu cür gizlinlər, müstəqil Azərbaycana bəslədiyi kin-küdurət dayanır.

Azərbaycan səfirliyinə edilən hücum ölkəmizin ərazisinə, vəzifə səlahiyyətlərini həyata keçirən diplomatlarımıza qarşı yönəlmiş qəddar terror əməlidir. Qanlı olayın qabaqcadan hazırlanıb planlı şəkildə həyata keçirildiyi artıq dünyaya məlumdur. Bunu videogörüntülər də təsdiqləyir. Yarım saatdan çox davam edən qanlı prosesə İran polisi biganə qalır, terrorçuya havadarlıq edir.

Tehranda səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun vəhşicəsinə qətlə yetirilməsi, iki əməkdaşın ağır yaralanması hər birimizin qəlbini incidir, hiddətləndirir.

İran hökuməti bu gün də hadisəni beynəlxalq ictimaiyyətdən gizlətməyə, cinayəti ört-basdır etməyə çalışır. Terrorçunu müdafiə etmək əvəzinə, İran rəsmiləri baş vermiş qanlı hadisəyə görə Azərbaycandan üzr istəməlidir. Terror aktını törədənlər və onların havadarları beynəlxalq hüquq normalarına uyğun sərt şəkildə cəzalandırılmalıdırlar.

Hüseynbala ƏLİYEV,

Respublikanın qabaqcıl təhsil işçisi, Lerik şəhəri.