Oxumaq hər zaman faydalıdır
Region

Oxumaq hər zaman faydalıdır

Ölkənin 73 yaşlı tələbəsi təhsili uğur üçün əvəzsiz sayır

Azərbaycanda ən yaşlı tələbələrdən biri olan  Musa Mahmudov 1951-ci ildə anadan olub. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində arıçılıq ixtisası üzrə oxuyur. Tədrisdə nümunəvi davamiyyəti ilə seçilən Musa kişi bildirib ki, düz 22 ildir ki, fərdi qaydada arıçılıqla məşğul olub və bu sahədə uzun müddət həvəskar şəkildə fəaliyyət göstərib. Bu səbəbdən də nə qədər çalışsa da ürəyi istəyən kimi uğur qazanıb təsərrüfatını genişləndirə bilməyib. Ona görə də regionda fəaliyyət göstərən və respublikada aparıcı peşə təhsili ocaqlarında olan mərkəzdə oxumaq qərarına gəlib.

Musa kişi Qəbələ rayonunun Vəndam kəndində anadan olsa da, işi ilə bağlı 10 ilə yaxın müddət ərzində Mingəçevir şəhərində yaşayıb. Əvvəllər arılarını bu şəhərdə saxlayar və ətraf bölgələrə aparardı. İndi isə təsərrüfatına doğma kəndində baxır və hazırda 50 arı ailəsinə qulluq edir. Bununla yanaşı, arıların artırılmasına və sortunu yeniləşdirməyə çalışır. Çünki alimlərin qənaətinə görə, dünyada genlərin transplantasiyası zamanınadək arıçılıqdan yalnız bal və mum alınırdısa, indi zaman dəyişir. Müasir dövrdə daha müxtəlif çeşidlərdə - arı zəhəri, vərəmum, yaxud "propolis", arı südü, çiçək tozu, güləm və digər məhsullardan insanların sağlamlığının qorunmasında, xəstəliklərin müalicəsində, kosmik tədqiqatlarda, kosmetologiyada, habelə xalq təsərrüfatının bir sıra sahələrində istifadə edilir. Ona görə də XX əsrdən başlayaraq xalq təbabətində yeni bir müalicə üsulu olan arı məhsulları ilə müalicə - apiterapiya sürətlə inkişaf etməyə başlayıb. Deyir ki, görünür arıçılıqla məşğul olduğuma görə, həmişə özümü  rahat və gümrah hiss edirəm.

Ana arıların yetiştirilməsinə böyük önəm verdiyinə toxunan Musa kişi "Boz Qafqaz" sortu ilə yanaşı, "Karnika" və digər arı sortlarının yetişdirilməsinə də böyük önəm verir. Çünki bu sort uzun xortuma sahib, sakit arılardır. Karnikanın yumurta qoyma özəllikləri yüksəkdir, kiçik ailələr halında qışladıqlarından yem istifadəsi azdır. Eyni zamanda çox sərt iqlim şəraitində belə qışlama bacarıqları yaxşıdır. Çox az propolis istifadə edərlər və buna görə də bala xəstəliklərinə qarşı çox həssasdılar.

Arıçılığın inkişafı və davamlı olması üçün təhsilin daim xüsusi əhəmiyyət kəsb etdiyini deyən həmsöhbətim mərkəzdə dərslərin təcrübə ilə yanaşı keçirildiyinin bir sıra üstünlüklərinə toxundu. Arıçılıq üzrə təcrübəli müəllimlərimizdən olan Anar Məmmədov, Səbuhi Nəbiyev, Elşən Şeyxzadə və başqalarından öyrəndiklərimizi həm də təcrübədən keçiririk. Mütəmadi olaraq dərslərimizi müəllimlərimizin iştirakı ilə təsərrüfatda keçməklə xeyli təcrübə toplayırıq. Bununla yanaşı, təcrübəli arıçı tələbə yoldaşlarımızla da fikir mübadiləsi aparırıq.

Bir sinifdə oxuduqları və 1969-cu ildə eyni vaxtda orta məktəbi bitirdikləri 72 yaşlı Nurməmməd Əliyevlə bu gün tələbə yoldaşı olduqlarını və arıçılığın incəliklərini birlikdə öyrəndiklərini deyən Musa kişi hər ikisinin bundan fəxr etdiklərini bildirdi. Qeyd etdi ki, dünən bütün günü Nurməmmədin qardaşı, tələbə yoldaşım Novruzla birlikdə təsərrüfatda çalışdıq. Çünki kəndimizdən olan tələbələrlə yaş fərqimizdən asılı olmayaraq mütəmadi görüşərək öyrəndiklərimizi təsərrüfatlarımızda sınaqdan keçirməyə və yenilik etməyə çalışırıq.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfəri zamanı onunla görüşdüyünü və ölkənin ən yaşlı tələbəsi kimi ona təhsil həyatında uğurlar arzuladığını qürur hissi ilə vurğulayan Musa kişi ölkəmizdə Dövlət proqramlarına uyğun olaraq aqrar sahənin inkişafı üçün peşə təhsilinə xüsusi diqqət və qayğı göstərildiyini və bunun məntiqi nəticəsini təhsil aldığı mərkəzdə gördüyünü bildirdi.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".