Siyasət

"Texit" ABŞ-ı dalana dirəyir

Qlobal güclərin dünyada yaratdığı qütbləşmə prosesi bəşəri qarşıdurmalara rəvac verir. Xaos və narazılığın hökm sürdüyü yeni dünya düzənində supergüclər belə bu prosesdən öz paylarını alırlar. Necə deyərlər, "nə tökərsən aşına, o da çıxar qaşığına". Təsadüfi deyil ki, bu gün anti-Azərbaycan siyasəti yürüdən qüvvələr daxili çəkişmələrlə boğuşurlar. Son zamanlar ABŞ-da baş verən proseslər onu deməyə əsas verir ki, okeanın o tayındakı narazılıqlar getdikcə genişlənir. Birləşmiş Ştatların parçalanması təhlükəsi rəsmi Vaşinqtonu ciddi narahat edir.

ABŞ-da Respublikaçıların üstünlük təşkil etdiyi Texas və Demokratların nəzarətində olan Kaliforniya ştatlarının müstəqillik arzuları parçalanma dalğasını başlada bilər. Hətta Texas ştatında baş verən radikal davranışlar bu prosesin reallaşacağını istisna etmir. Texasda immiqrasiya qalmaqalları fonunda ABŞ-dan ayrılma çağırışları güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub. Buna paralel olaraq, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Bayden administrasiyasını sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.

"Texit" hərəkatının lideri Daniel Miller vəziyyətdən istifadə etməyə çalışaraq Texasın müstəqilliyi məsələsini yenidən gündəmə gətirib. Qeyd edək ki, belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. Nəticədə isə 139 min 456 səs toplanıb. Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək "Texit"dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyinin tərəfdarları üçün uğursuzluqla nəticələnib. Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasının Texas üzrə nümayəndələri sözügedən ştatın 2023-cü ildə də Amerikadan ayrılması üçün referendumun keçirilməsini tələb edirdilər. Əsas olaraq bildirilirdi ki, ABŞ hökumətinin Texas Konstitusiyasının 1-ci maddəsinə uyğun olaraq ştatın yerli özünüidarəetmə hüququ pozulur.

Qeyd etmək lazımdır ki, Texas ştatının müstəqillik tələbi uzaq keçmişdən bu yana davam etməkdədir. Yəni bu ştat ABŞ-ın əsasını təşkil edən 12 keçmiş koloniyaya daxil deyil. Hələ 1836-cı ildə Meksikadan ayrılmış Texas ştatı 1845-ci il dekabrın 29-dək ayrıca dövlət kimi mövcud olmuşdur. Başqa ştatlarda da ABŞ-dan ayrılma hərəkatları baş vermişdir. Alyaskanın Müstəqillik Partiyasının üzvləri də vaxtilə Texasın sakinlərinə ABŞ-dan ayrılmağa dair səsvermə keçirilməsi imkanı verilməsini istəmişdilər. Bununla yanaşı, prezident seçkilərinin nəticələrindən narazı qalan Kaliforniya sakinləri də ABŞ-dan ayrılmaq istəyirdilər. Lakin ABŞ iqtisadiyyatının böyük həcminin bu ştatdan asılılığı bəzi məsələlərə əngəl oldu.

Qeyd edilməli digər bir məqam Tramp-Bayden rəqabətidir ki, bu da ABŞ-ı dilemmalar qarşısında qoyur. Prezident Baydenin hakimiyyəti vətəndaş qarşıdurmasını və mərkəzdənqaçma meyillərini artırır. Məhz prezident seçkilərindən qabaq Trampa qarşı təzyiqləri artıran Cozef Bayden təşəbbüsü ələ almaq niyyəti güdür. Məsələn, bəzi ştatların məhkəmələri Trampın təbliğat kampaniyalarını baltalayır, prosesi ləngitməyə cəhd edirlər. Hətta Donald Trampın prezident seçkilərində namizədliyini irəli sürməsi məsələsinin qadağan edilməsi barədə də "hüquqi don" axtarışı davam edir. Trampın çoxsaylı cinayət işləri, həbs təhlükəsi və s. barədə məlumatların ictimai nəzəri yayındırma cəhdləridir. Məhz Trampın hakimiyyətə yolunu kəsmək üçün demokratlar bütün mümkün vasitələrdən, o cümlədən seçkilərdə saxtakarlıqdan istifadəyə hazırdır.

Qeyd edək ki, ABŞ-ın xarici siyasət kursu da daxili rifahı zədələyir. Yaxın Şərqdə ABŞ-ın mövcudluğu daim müzakirə mövzusu olmuşdur. Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsi fonunda mübahisələr getdikcə dərinləşir. Məhz prezident seçkilərindən öncə bu tip məsələlərdə doğru mövqe nəticəni bəlli edə bilər. Qeyd etmək lazımdır ki, Bayden administrasiyasının payızda təklif etdiyi Ukrayna və İsrailə əlavə yardım paketinin verilməsi məsələsi bu çərçivədə əhalini ciddi şəkildə narahat edir. Digər tərəfdən, Ukraynaya böyük miqdarda hərbi və iqtisadi dəstəyin verilməsi də etirazlar doğurur. Sual bundan ibarətdir ki, nəyə görə bu vəsaitlər Meksika ilə sərhəddə divarın tikintisinə və qeyri-qanuni mühacirlərin qovulmasına xərclənmir? Reallıq isə budur ki, əhalinin olduqca böyük hissəsi Bayden hökumətini ölkə daxilində Vətənə xəyanətdə ittiham edir.

Aydındır ki, rəsmi Vaşinqton Texasın əldən çıxmaması üçün hər vəchlə çalışacaq. ABŞ-a keşməkeşli bir dövrdə iqtisadi dividendlərin itirilməsi heç sərf etmir. Qeyd edilməlidir ki, Texas ərazisinə görə ABŞ-ın Alyaskadan sonra ən böyük ştatıdır. Məhz ABŞ-ın bu cür böyük ərazi itkisi ilə üzləşməsinə şərait yaradılması gözlənilmir. Bundan əlavə, Texasın ayrılması ABŞ-da parçalanma məşəlini yandıra bilər. Bu hadisənin baş verməsi fonunda digər ştatlarda Birləşmiş Ştatları tərk etmək barədə müzakirələr apara bilərlər. Bütün bunlara paralel olaraq, ABŞ "Texit"in baş tutması ilə birlikdə neft hasilatının 40 faizini itirməklə üzləşəcək.

Texas ştatında olanlar digər ərazilərdəki səsləri eşitmək üçün fürsət yaradacaq. Birləşmiş Ştatlardan ayrılmaq göründüyü qədər asan proses deyil. Belə ki, sözügedən ştat müstəqilliyi seçsə belə ABŞ-ın hər bir ştatı və konqresi də onun müstəqilliyinə səs verməlidir.

Nurlan ABDALOV,

"Respublika".