Tülkünün dönüb-dolaşıb gələcəyi yer kürkçü dükanıdır
Siyasət

Tülkünün dönüb-dolaşıb gələcəyi yer kürkçü dükanıdır

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin liderlərini Sankt-Peterburqda keçiriləcək Zirvə toplantısına dəvət edib. Artıq əksər dövlət başçıları səfərə hazırlaşsa da, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İqtisadi İttifaqının sessiyasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Paşinyan ofisinin yaydığı məlumata əsasən o, iclasın tarixi yaxınlaşanda qərarını açıqlayacaq.

Sammitin keçirilməsinə çox az vaxt qalmasına baxmayaraq, hələ də İrəvandan rəsmi açıqlama verilməməsi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanı dilə gətirib. Kreml təmsilçisi baş nazirin toplantıya qatılacağını gözlədiklərini deyib. Nəzərə alsaq ki, Ermənistan rəhbəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarına qatılmır, əvəzində Birləşmiş Ştatlar ilə birgə təlimlər keçirir, Fransadan hərbi texnika alır, eləcə də Avropa İttifaqının müşahidə missiyasının bölgəyə gətirilməsinə çalışır, o zaman nəyə görə Zaxarovanın məhz Paşinyana müraciət etdiyi anlaşılır. Bu məqamda 2 faktora xüsusi diqqət yetirmək lazım gəlir. İlk növbədə, bu, MDB dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşüdür və birbaşa Vladimir Putinin dəvəti ilə baş tutur. Yəni sırf bir təşkilatın gündəmi ilə bağlı məsələ deyil, burada şəxsi münasibətlər araya girir. Əgər Paşinyan bundan imtina edərsə, Rusiya tərəfi bunu təkcə dövlətlərinə deyil, həm də başçılarına hörmətsizlik kimi dəyərləndirəcək və bundan sonrakı hadisələr heç də İrəvanın xeyrinə olmayacaq. Ermənistan hökumətinin rəhbərinin Kreml sahibinə meydan oxuması məntiqli görünmədiyi üçün o, Sankt-Peterburqa getməyə məcbur olacaq.

Digər tərəfdən, Paşinyan və komandası nə qədər Qərbə yaxınlaşsa da, əslində anlayır ki, Rusiya təhlükəsizlik, müdafiə, iqtisadiyyat sahələrindən dolayı birbaşa Ermənistanın daxilindədir. Yəni Paşinyanın Sankt-Peterburqa getməsini labüd edən ilk amil Putinin şəxsi nüfuzudursa, ikinci məsələ Ermənistanın Rusiyadan asılılığıdır. İrəvan indiki məqamda MDB məkanında, eləcə də Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqında mövqelərinin itirilməsi ilə razılaşa bilməz. Çünki bu iqtisadi birliklərə üzvlük onlara ciddi imkanlar yaradır ki, öz ərazisi üzərindən ittifaqa üzv olan digər dövlətlərə malları heç bir rüsum ödəmədən göndərsinlər. Ermənistanın cari ildə Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dolları ötüb. Üstəlik, son iki ildə Rusiya ilə Ermənistan arasında ticari əlaqələr 35 ilin maksimununa çatıb. Bunların fonunda Rusiya bazarını itirmək Ermənistan iqtisadiyyatı üçün fəlakətli olacaq. İndiki halda İrəvanın bu asılılığı Qərblə əvəzləməsi də mümkün deyil. Belə ki, hökumət rəhbəri "qoca qitə"nin Ukraynadakı fiaskosunu görür və çox gözəl bilir ki, Avropanın cazibədar bəyanatlarının arxasında heç nə yoxdur. Buna görə də baş nazir Qərbin zəmanətlərinə bel bağlamaq yerinə Rusiya ilə münasibətləri böhrandan çıxarmağa çalışacaq. Əbəs yerə deməyiblər, tülkünün dönüb-dolaşıb gələcəyi yer kürkçü dükanıdır.

Dekabrın 25-26-da keçiriləcək iclasda İranla Avrasiya İqtisadi İttifaqı arasında sazişin imzalanması gözlənilir ki, bunun reallaşması üçün bütün üzv ölkələrin razılığı lazımdır. Əgər Paşinyan bu toplantıda iştirak etməsə, sazişin imzalanması da sual altına düşə bilər. Bu məqamda dekabrın 20-də Ermənistan baş naziri Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığının baş tutduğunu xatırlamaq lazım gəlir. Rəisi bildirib ki, ölkəsinin Qafqazla bağlı xarici siyasəti konkretdir. İran regionun kənar güclərin rəqabət meydanına çevrilməsini istəmir. İran Prezidenti Tehranda "3+3" görüşünün uğurla keçirilməsini də region ölkələri arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan konstruktiv addım olaraq qiymətləndirib. Bu isə ona işarə edir ki, Rəisi iclasa az qalmış Paşinyana zəng edərək Qərbə bel bağlamaması, bölgə dövlətləri ilə əlaqələrini yaxşılaşdırması barədə təlimat verib. İndiki mərhələdə Ermənistanın İranla münasibətlərini korlaması dövlətçiliyinin qorunub saxlanılması baxımından olduqca təhlükəlidir. Bunu Paşinyan da dərk edir. Məhz bu səbəbdən, eləcə də Avropa İqtisadi İttifaqının gətirəcəyi iqtisadi dividendlərdən dolayı baş nazirin Sankt-Peterburqda keçiriləcək Zirvə toplantısında iştirakı ehtimalı yüksəkdir.

Jalə QASIMZADƏ,

"Respublika".