TÜRKİYƏLİ REJİSSOR GƏNCƏ TEATRINDA
Region

TÜRKİYƏLİ REJİSSOR GƏNCƏ TEATRINDA

Gəncə Dövlət Dram Teatrı 27 mart - Beynəlxalq Teatr Günü münasibətilə yerli teatrsevərlərə və şəhərimizin qonaqlarına türkiyəli yazıçı-dramaturq, publisist Əziz Nesinin "Toros canavarı" komediyasını təqdim edəcək. Hazırda tamaşa üzərində gərgin yaradıcılıq işlərı davam edir.

Yeni tamaşanın quruluşçu rejissoru İstanbulun Maltəpə teatrının baş rejissoru Kubilay Erdəlikaradır. Bir fakt maraqlıdır ki, Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdəlikara Gəncə teatrının tarixinə tamaşa hazırlayan ilk türk rejissor kimi daxil olacaqdır.

Tamaşanın rejissoru Yusif Cəfərov, rəssamı Mustafa Mustafayevdir. Yeni tamaşada rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov və Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Emil Salmanov, Akif Səfərov, Elmir Məmmədov və Vətən müharibəsi qazisi, aktyor Həsən Cəfərov canlandıracaqlar. Əziz Nesinin yaradıcılığına xas olan duzlu-məzəli yumor "Toros canavarı" pyesində tragikomik səviyyəyə yüksəlir, cəmiyyətdəki mövcud yaramazlıqlar kəskin satira atəşinə tutulur, "kiçik" adamlar üçün xoşbəxtliyin nə qədər çətin, əlçatmaz olduğu tənqid edilir.

Gəncə teatrının Türkiyə dramaturgiyasına müraciətinin maraqlı tarixi var. Bu qədim sənət ocağında ilk dəfə 1952-ci ildə respublikanın Xalq artisti Məmməd Bürcəliyevin teatra rəhbərliyi dövründə məhz onun təşəbbüsü və təkidi ilə Nazim Hikmətin "Kəllə" tamaşasına müraciət olunmuşdur. 1955-ci ildə Nazim Hikmət Gəncə teatrında olub, tamaşanın premyerasında iştirak edib. Gəncə teatrının sənət salnaməsində daha bir türk yazıçısı Orxan Kamalın "Yad qızı" tamaşası da şərəfli yer tutur.

Vaqif TANRIVERDİYEV,

"Respublika".