Dünyaya nümunə lider, qətiyyətli rəhbər
Siyasət

Dünyaya nümunə lider, qətiyyətli rəhbər

Xalqımızın amal və istəklərinin ifadəçisi olan Prezident İlham Əliyev  beynəlxalq aləmdə də yüksək inam və etibar qazanıb

"Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür və müxtəlif, eləcə də mürəkkəb təfəkkürlər arasında vasitəçi kimi çıxış edir". Bu fikirlər Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, litvalı tədqiqatçı Ornela Ramaşauskayteyə məxsusdur. Mədəniyyətlərarası dialoq üzrə müzakirələr aparmağın zəruri olduğunu deyən litvalı qonaq, həmçinin Azərbaycanın Cənub ilə Avropa arasında körpü olduğunu da bildirib.

Vətəndaşı olduğun bir ölkə, onun rəhbəri haqqında xoş sözlər eşitmək doğrudan da insana qürur hissi yaşadır. Fenomenə çevrilmiş Azərbaycan lideri barədə isə dünyanın ən nüfuzlu, tanınmış insanlarının müsbət fikir söyləməsi artıq ənənə halını alıb. Çünki prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu mətbuat işçiləri məqamı gəldikcə Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh edir, ona yüksək dəyər verirlər. Azərbaycan üçün gördüyü işlər barədə danışıb haqqında müsbət fikirlər səsləndirirlər. Təbii ki, bütün bunlar dövlət başçısının uğurları, bir liderin dünya miqyasında qazandıqları isə onun dövlətinin, xalqının nailiyyətidir.

Mədəniyyətlərarası Dialoq Forumunun digər bir iştirakçısı Satyarthi Qlobal Şəfqət Hərəkatının icraçı direktoru xanım Asmita Satyarhti hazırda bütün dünyanın sivilizasiyalar böhranının ortasında olduğunu, milyonlarla insanın müharibə şəraitində yaşadığını, Afrika ölkələrinin iqlim dəyişikliyinin təsirinə daha çox məruz qaldığını, bununla bağlı təcili addımlar atmağın vacibliyini diqqətə çatdıraraq deyib: "Qəzzada, Konqoda insanların qətlə yetirilməsi, Afrikadakı anaların öz övladının aclığı ilə bağlı yaşadığı çarəsizlik bizim problemimizdir. Bizə mərhəmətli liderlər, rəhbərlər lazımdır. Onlar problemin həllinə maraq göstərməli, real işlərlə məşğul olmalıdırlar. Burada, xüsusilə Prezident İlham Əliyevin müasir dünyada yaşanan problemlərin həlli istiqamətində gördüyü işləri nümunə göstərmək istərdim. Liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm".

Çox gözəl sözlərdir, deyilmi? Bu, həm də "...Biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik", - deyən Serbiya Prezidenti Aleksandar Vuçiçin: "...indi siz Avropada çox məşhurlaşmısınız", - sözlərinin geniş anlamda təsdiqidir. Doğrudan da İlham Əliyev indi bütün dünyada tanınan lider, fəaliyyətindən nümunə götürülən dövlət başçısı, məzlumların ümid yeri, mərhəmət ünvanıdır. Əzilən xalqların yanında, arxasında, onlara acılar yaşadan, istismar edən, qanlarını tökən insan qatillərinin qarşısında dayanan xilaskar, aclıqdan ölən körpələrin çarəsiz, gözüyaşlı analarının, atalarının azadlıq mübarizələrinin ilhamverici qüvvəsidir. Öz xalqına 30 illik işğala son qoyaraq iki yüz illik tarixinin ən qürurverici anlarını, azadlığın, qalibiyyətin sevincini yaşadan qalib sərkərdədir.

Prezident İlham Əliyev tarixin onun üzərinə qoyduğu möhtəşəm vəzifələri yerinə yetirməyə hələ 2003-cü ildə ölkə rəhbərliyinə gəldiyi vaxtdan hazır idi. O zaman çoxlarının başa düşməyə çətinlik çəkdiyi vəzifələrin İlham Əliyev tərəfindən özünün seçki proqramına daxil edilməsi deyilənlərin əyani təsdiqidir. Respublikamızın dünyada sürətlə yeniləşən, dəyişən, müasirləşən ölkə statusunun hamılıqla qəbul edilməsi milli qürur hissi yaratmaya bilməz. Dəyişən təkcə ölkənin siması deyil, onun xoş gələcəyinin təmin edilməsi imkanlarını qazanmasıdır. İnsanların layiqli yaşaması üçün əlverişli, rahat şəraitin yaradılması, Bakının beynəlxalq miqyaslı mədəni, siyasi, intellektual, dialoq, idman, mədəniyyət mərkəzinə çevrilməsidir.

Dövlətimizin inkişafının sosial-iqtisadi, mədəni sahələrdə sanballı uğurlar qazanması və beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə əlamətdar olan ən mühüm dövrü, bilavasitə onun adı ilə bağlıdır. Prezident İlham Əliyev xalqının əsl lideri, onun amal və istəklərinin ifadəçisidir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət başçımızın ünvanına söylədiyi fikirlərdə də bu deyilənlər öz əksini tapır: "Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərimizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz. Rusiyada sizi ölkəmizin etibarlı dostu kimi tanıyırlar".

İlham Əliyev məharətli siyasətçi kimi hədəfləri dəqiq müəyyənləşdirə, uzunmüddətli dövrü əhatə edən planları işləyib hazırlaya bildi. Dövlət başçısının yüksək liderlik məharəti eyni dərəcədə xarici siyasət sahəsində də özünü büruzə verir. Əgər bir ölkə çərçivəsində liderlik etmək xalqın etibarını qazanmaqdan qaynaqlanırsa, qlobal səviyyəli lider kimi özünü təsdiqləmək isə dünya ölkələrinin etimadına sahib olmaq bacarığından asılıdır. Azərbaycan Prezidenti bu məsuliyyətli mərhələni uğurla adlaya bildi.

Çözülməsi müşkülə çevrilən Qarabağ probleminin həlli ölkənin iqtisadi imkanlarından nə qədər asılı idisə, siyasi manevrlər, diplomatik fəaliyyət, dünyanın siyasi nəbzini tuta bilmək qabiliyyətindən, siyasi dostlar və müttəfiqlər qazanmaq bacarığından, siyasi-diplomatik imkanları reallığa çevirmək ustalığından da o dərəcədə asılı idi. Ölkəmizi arzuladığı qələbəyə çatdırmaq üçün seçdiyi yolu uğurla qət etməyə də dövlət başçımıza, Ali Baş Komandana məhz mahir liderlik qabiliyyəti, imkanı gerçəyə çevirmək bacarığı yardım etdi. Bu missiyanı yerinə yetirmək, heyrətamiz qələbəyə imza atmaq üçün isə ona cəmi 44 gün və 23 saat lazım gəldi. Əslində, bu qısa zaman kəsiyinin arxasında 20 illik titanik fəaliyyət dayanır. Bütün bunları isə dünya görür, kimi Azərbaycanı, onun liderini özünə dost, qardaş bilir, kimi də ona alınmaz qala kimi baxır. Hətta bəziləri anlayır ki, Azərbaycanı haqq yolundan, mövqeyindən çəkindirməyə onların gücü çatmayacaq.

Vətən müharibəsində qazanılan qələbə ölkəmizdə və regionda yeni reallıqlar yaradıb və bu reallıqlar artıq bütün dünyada qəbul olunur.

Dövlətin xarici siyasətinə birbaşa təsir edən amillərdən biri, bəlkə də, elə birincisi dövlət rəhbərinin beynəlxalq nüfuzudur. Azərbaycan liderinin beynəlxalq nüfuzu, istər ən yüksək kürsülərdə çıxışları zamanı ölkə həqiqətlərini dünyaya çatdırması, düşmənin əsassız arqumentlərini tutarlı, tarixi, hüquqi faktlarla çözməsi, Vətən müharibəsi dövründə beynəlxalq aləmə, hər dövlətə mesajların, ittihamların "öz dili və üslubu" ilə ötürülməsi, paralel olaraq xalqa rəvan formada müraciətləri fonunda formalaşıb. Bu nüfuz isə getdikcə artır. İndi dünyanın qlobal problemlərinin, bəşəriyyəti düşündürən, narahat edən məsələlərin həlli üçün məhz Bakıda keçirilən tədbirlərdə yollar axtarılır. Azərbaycan yekdilliklə ən mötəbər tədbirlərin keçirilməsinə ev sahibi seçilir. Ölkəmizin təşəbbüsü ilə keçirilən tədbirlər isə brendə çevrilir. Ən əsası odur ki, bu tədbirlərin iştirakçılarının gözündə Azərbaycan "bir boy da" ucalır və bu zirvə, bəlkə də, zirvələr bu günü ilə öyündüyümüz doğma məmləkətimizə daha çox yaraşır...

Zümrüd QURBANQIZI,

"Respublika".