Üç yeniyetmənin İrandan Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb
Digər xəbərlər

Üç yeniyetmənin İrandan Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb

Yanvarın 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin üç nəfər tərəfindən pozulması müşahidə edilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıb.

Azyaşlı olmaları müəyyənləşdirilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozduqlarını bildiriblər. Onlar özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər. Saxlanılmış şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.

Azyaşlıların qısa müddətdə İran tərəfinə təhvil verilmələri nəzərdə tutulub.

DSX dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində tədbirləri fasiləsiz davam etdirir.

AZƏRTAC