Üçüncü minilliyin çağırışına cavab verən milli inkişaf strategiyası
Siyasət

Üçüncü minilliyin çağırışına cavab verən milli inkişaf strategiyası

"Yeni minillikdə dünya xalqlarının ən böyük istəyi sülh və əmin-amanlıqdır. İnsanlar dağıdıcı müharibələrə, qaçqın-köçkünlüyə qətiyyətlə yox deyir, dinc yaşamaq istəyirlər. Tale elə gətirib ki, bu gün Azərbaycanın bir milyondan çox sakini öz yurdundan zor gücünə çıxarılıb, onların bir çoxu çadırlarda, heç bir şəraiti olmayan binalarda yerləşdirilibdir. Bu gün mən böyük həyəcan hissi ilə onların hər birini yada salır, tezliklə doğma yurdlarına dönmək arzularına şərik çıxır və inanıram ki, çətinliklərə mətanətlə sinə gərən qardaş və bacılarımın ata ocağına dönəcəkləri gün uzaqda deyildir...".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində ümummilli lider XX əsrdə yaşananların geniş təhlilini vermiş, müdrik fikirlər söyləmişdi. Ulu öndərin bu müraciəti həm də yeni minilliyin çağırışına cavab verən milli inkişaf strategiyası idi.          

Ümummilli lider Heydər Əliyev 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına dərin məzmunlu müraciətində xalqın ötən yüzillikdə keçdiyi keşməkeşli və şərəfli yola, ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərə tarixi-politoloji aspektdə nəzər salmış, qloballaşma proseslərinin daha da genişlənəcəyi yeni əsrdə qarşıda duran vəzifələrdən söz açmışdı.

Müraciətdə ulu öndər vurğulayırdı ki, əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi birmənalı nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamını düşündürür. Ulu öndər qeyd edirdi ki, qloballaşma dövlətlərin inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır.

Ulu öndər öz müraciətində xüsusi qeyd edirdi ki, qloballaşmanın bir çox dövlətlər üçün yaratdığı problemlər təbii olaraq Azərbaycanı da ciddi şəkildə düşündürür. Bir tərəfdən respublikamız qloballaşmanın inkişafına öz töhfəsini verir. Azərbaycan dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək Şərq ilə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirir. Azərbaycan Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün səylər göstərir. Bunlar səmərəli beynəlxalq əməkdaşlığa təkan verməklə qlobal inkişafa müsbət təsir edir. Digər tərəfdənsə, Azərbaycan hələ də müasir texnologiyaların mənimsənilməsi və geniş istifadəsi yolunda bir çox çətinliklərlə qarşılaşır: "Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək", - deyən böyük strateq hələ o zaman yeni əsrdə hər bir dövlətin sürətli davamlı inkişafının informasiya-kommunikasiya texnologiyaları ilə bağlı olacağını uzaqgörənliklə qeyd etmişdir.

XX əsrdə xalqımızın ən böyük nailiyyəti müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi idi. Bu tarixi və obyektiv proseslər SSRİ-nin dağılmasına, müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Ulu öndər bunun ardınca baş verən hadisələri - yəni, yeni müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasını təbii bir hal, beynəlxalq hüquq normalarının qanuni təzahürü kimi dəyərləndirir, onu tarixi obyektiv proseslərin qanunauyğun nəticəsi, taleyin Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının xalqlarına əvəzsiz töhfəsi hesab edirdi. Ümummilli lider həmçinin bildirirdi ki, müstəqillik illərində Azərbaycan xalqı öz Konstitusiyasını qəbul etmiş, qanunvericiliyi dünya standartlarına uyğunlaşdıraraq digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Bu illər ərzində cəmiyyyətin bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir. Azərbaycanın yeni neft strategiyası uğurlu başlanğıc götürmüş, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələr bağlayaraq dünya iqtisadiyyatına qovuşmasını təmin etmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın siyasi həyatında ümid çırağı yandırmış, ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya cəlb edilmişdir. Ölkədə bir sıra beynəlxalq layihələrin icrasına başlanılmış, dövlətimiz Cənubi Qafqaz regionunda aparıcı söz sahibinə çevrilmişdir. Azərbaycan sosial-iqtisadi, mədəni-siyasi inkişaf yoluna qədəm qoymuş, bu inkişafın sürət tempi ilbəil daha da yüksəlmiş, vətəndaşların maddi rifah halının yaxşılaşdırılması, işsizliyin, yoxsulluğun ləğvi, ölkədə demokratiyanın, informasiyalı cəmiyyətin, söz və mətbuat azadlığının inkişafı istiqamətində ardıcıl addımlar atılmışdır.

Azərbaycanın ötən əsrdə keçib gəldiyi keşməkeşli yolu xalqın şərəf tarixi adlandıran ulu öndər Heydər Əliyev iki əsrin qovuşuğunda min illərin tarixi faktlarını, inkişaf salnaməsini araşdırmaq, bu barədə danışmaq üçün həftələrlə, aylarla vaxt lazım gəldiyini vurğulayır və deyirdi: "Qısaca olaraq yalnız bunu deyə bilərəm ki, Azərbaycan xalqının bizim eranın iki min ili ərzində keçib gəldiyi yol yenilməz, zəngin, mərdanə bir qəhrəmanlıq tarixidir!..".

Ulu öndərin hələ 22 il öncə - əsrlərin qovuşuğunda milli inkişaf nöqteyi-nəzərindən müəyyənləşdirdiyi strateji vəzifələr bu gün onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşir. Həyatın bütün sahələri inkişaf edir. Ən başlıcası isə torpaq işğalına son qoyulub, ərazi bütövlüyümüz təmin edilib. Azərbaycan xalqı öz liderinin rəhərliyi ilə tarixinin iki əsrinin ən şanlı səhifəsini yazıb. Uğurlarımızın bundan sonra daha çox olacağına ümid edirik.

Zümrüd QURBANQIZI,

"Respublika".