UĞURLARI ƏKS ETDİRƏN İQTİSADİ GÖSTƏRİCİLƏR
İqtisadiyyat

UĞURLARI ƏKS ETDİRƏN İQTİSADİ GÖSTƏRİCİLƏR

2023-cü ilin birinci yarısı ölkəmizdə iqtisadiyyatın bütün sahələrində uğurlu və yaddaqalan olmuşdur. Xüsusilə, qeyri-neft sektorunda 3 faiz, qeyri-neft sənayesində 6,5 faiz, büdcəyə daxilolmaların proqnoz üzrə nəzərdə tutulduğundan 3 milyard manatdan çox artması iqtisadiyyatın yüksəlişini əks etdirir.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq həyata keçirilən tədbirlər qısa müddət ərzində müsbət nəticələr verib. Keçən ilin sonlarında təsdiq olunmuş dövlət büdcəsinin xərcləri 33 milyard manatdan 36 milyard manata qədər artıb. Ölkəmizin dövlət büdcəsi Ermənistan və Gürcüstanın dövlət büdcələrinin cəmindən 41,7 faiz çoxdur. Büdcə vəsaitinin artması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətləndirilməsinə, ölkəmizin hərbi qüdrətinin möhkəmləndirilməsinə geniş imkanlar açıb. Artıq bu bölgələrin sakinlərinin ata-baba yurdlarına qayıdışı başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı bu barədə deyib: "Müsbət məqamlardan biri və bu da xüsusilə qeyd olunmalıdır. Çünki bir çox ölkələrdə, hətta ölkələrin əksəriyyətində biz tamamilə başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət - yəni profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir".

Yəni bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları və pensiyalar müntəzəm olaraq artırılır.

Ölkəmizin iqtisadiyyatında Cəlilabad rayonunun xüsusi yeri vardır. Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən faktiki olaraq 13,5 faiz artmış və 289,5 milyon manat təşkil etmişdir. Topdansatış ticarət dövriyyəsinin həcmi isə müqayisəli qiymətlərlə 2,9 dəfə artaraq 62,4 milyon manat olmuşdur.

Rayonda 6 ayda pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 143,6 milyon manatını ərzaq malları, içkilər və tütün məmulatları, 145,9 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmişdir.

Pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,99 faiz, dövlət müəssisələrinin payı isə 0,01 faiz təşkil etmişdir.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bazar və yarmarkalarda istehlak məhsullarının və hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət şəbəkələrindəki satışlarında artım müşahidə olunmuşdur.

İlin birinci yarısında əhaliyə 53,3 milyon manatlıq, 2022-ci ilin müvafiq dövrünə nisbətən 8,3 milyon manat və ya müqayisəli qiymətlərlə 7,2 faiz çox ödənişli xidmətlər göstərilmişdir. Cari ilin yanvar-iyun aylarında əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 6,6 milyon manat olmuşdur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon manat və ya müqayisəli qiymətlərlə 4,7 faiz çoxdur. Hüquqi şəxslər üzrə ödənişli xidmətlər 1,5 faiz, fiziki şəxslər üzrə ödənişli xidmətlər isə 8,6 faiz artmışdır.

İlin 6 ayının iqtisadi göstəriciləri deməyə əsas verir ki, ölkəmiz, o cümlədən regionlar uğurla inkişaf edir, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək işgüzarlıqla icra olunur.

Arif NƏCƏFOV,

Cəlilabad Rayon Statistika İdarəsinin rəisi.