“Ulu öndər silahdaşlarının xatirələrində
Digər xəbərlər

“Ulu öndər silahdaşlarının xatirələrində"

"Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin".

Heydər ƏLİYEV,
Ümummilli lider.

2022 -ci il 29 sentyabr tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən ölkədə ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə müxtəlif səpkili yubiley tədbirləri keçirildi. Ömrünü bütün varlığı ilə Azərbaycana,  onun gələcək inkişaf və yüksəlişinə həsr edən ulu öndəri hər bir qurum, təşkilat, sadə vətəndaş belə öz sahəsində xoş xatirələrlə, gördüyü təkrarsız işləri ilə anır və böyük məhəbbət hissi ilə xatirəsini yad edirlər. Ümummilli lider Azərbaycan dövlətinin rəhbəri kimi nə qədər vacib və əhəmiyyətli bir şəxsiyyət idisə, ölkənin təhlükəsizliyi, qorunması və sərhədlərinin toxunulmazlığı baxımından da bir o qədər çəkiyə malik idi.

Ulu öndərin 100 illiyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən "Ulu öndər silahdaşlarının xatirələrində" adlı kitab nəşr olunmuşdur. Nəfis tərtibatla nəşr olunan kitabda ümummilli lider Heydər Əliyevin karyerasının başlanğıcı olan, ömrünün 25 ilini şərəflə, ləyaqətlə və milli təəssübkeşlik hissilə həsr etdiyi Azərbaycan təhlükəsizlik orqanlarında xidmətindən silahdaşlarının xatirələri əsasında geniş şəkildə söhbət açılır. Hər səhifəsi ayrıca bir tarix olan kitab Azərbaycan dövlətinin təhlükəsizlik fəaliyyəti sahəsində bir ayna rolunu oynayır. Olduqca maraqlı, məsuliyyətli bir dövrü özündə canlandıran kitab ölkəmizin bu sahədə hansı çətinliklərdən keçdiyini və necə inkişaf etdiyini göz önünə gətirir. Keçmişə nəzər salanda Azərbaycanın başına gətirilən istilalar, ərazi iddiaları, müharibələr, münaqişələrin şahidi oluruq. Nəticə etibarilə ölkədə xalq, millət arasında da çaxnaşmalar, parçalanmalar baş verib. Bütün bu sınaqlardan keçən ölkəmiz parça-parça, tikə-tikə bölünsə də, XX əsrdə qismətinə xilaskar lider yazılır ki, onu müstəmləkə halından müstəqil dövlətə çevirir. Geridə qalmış, sovet rejiminin sərt məngənəsində sıxıldıqca sıxılan Azərbaycan yeni, parlaq inkişaf yoluna qədəm qoyur. Necə deyərlər artıq imzalar içində imzamız olur. Həmin möhtəşəm imzanı tarixə yazan şəxsiyyət isə Heydər Əliyev, onun bacarığı, iradəsi, nüfuzu və milli təəssübkeşliyidir.

Kitaba ön sözü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev yazıb.  Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətini ətraflı şərh edərək bildirir: "Vətənə sonsuz sədaqətlə xidmət missiyası ötən əsrin 40-cı illərinin əvvəllərindən təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə başlayan Heydər Əliyevin həm bu orqanlarda işlədiyi vaxtda, həm də respublikaya rəhbərliyi zamanında dövlətçiliyimiz yolunda atdığı qətiyyətli addımlar, müdrik siyasi qərarlar, vətəndaşlarımızın firavan həyatının təmin olunması, azərbaycançılıq ideologiyasının yaşadılması və davamlı olaraq təşviqi yönümündə gördüyü misilsiz və əvəzsiz işlər onu xalqımızın ümummilli liderinə çevirdi". Daha sonra Heydər Əliyevin bu sahədə gördüyü əvəzsiz işləri geniş şəkildə şərh edən Əli Nağıyev yazır: "Ulu öndərin silahdaşları xatirələrində onun məqsədyönlülüyündən, yorulmaz və usanmaz fəaliyyətindən, əməliyyat işçisinə xas bütün lazımi keyfiyyətlərə malik olmasından və sözügedən amillərin gənc əməkdaş kimi onlarda xidmətə yüksək həvəs yaratmasından bəhs edirlər. Bildirirlər ki, Heydər Əliyev məhz öz savadı, biliyi, intellektual səviyyəsi, geniş dünyagörüşü, prosesləri düzgün təhlil etmək bacarığı nəticəsində zamanın çətin bir dövründə vəzifə pillələrində addım-addım irəliləyərək sıravi əməkdaşdan rəhbər vəzifəli şəxsə, leytenant rütbəsindən general rütbəsinə kimi yüksəlmişdir. Bu idi Heydər Əliyev fenomeninin bənzərsizliyi".

Heydər Əliyev qarşısına çıxan bütün maneələri və çətinlikləri cəsarətlə dəf edərək SSRİ-nin ölkəmizdə əsas dayağı olan Azərbaycan SSR Nazirlər Soveti nəzdindəki Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmişdir. Əlbəttə ki, dahi şəxsiyyətin Azərbaycana üstünlük gətirən uğurlarından biri də onun təhlükəsizlik orqanlarında ilk azərbaycanlı general olması idi. Ulu öndərin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyəti, müasir tələblər səviyyəsində təşkil olunması olmuşdur. Dahi şəxsiyyət təhlükəsizlik orqanlarında işlədiyi müddət ərzində deyil, respublikaya rəhbərliyi zamanı, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dönəmlərdə də xüsusi xidmət orqanlarının fəaliyyətini diqqətdə saxlamışdır. Ötən əsrin 80-ci illərin axırı, 90-cı illərinin əvvəllərində ölkədəki ictimai-siyasi qarşıdurmalar, hakimiyyətdaxili çəkişmələr, xaos və anarxiya nəticəsində yaranmış mürəkkəb və olduqca çətin vəziyyətdən çıxmaq üçün xalq öz liderini, məhz Heydər Əliyevi tələb edirdi. Çünki ölkəni belə ağır bir vəziyyətdən yalnız Ulu öndər xilas edə bilərdi. Bəli, ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana hakimiyyətə gəlişi ölkənin xilasına və millətin ruh yüksəkliyinə səbəb oldu.

"Ulu öndər silahdaşlarının xatirələrində" adlı kitabda təhlükəzislik orqanlarının keçdiyi şərəfli, çətin və məşəqqətli yollardan söhbət açılır. Sərhədlərimizin toxunulmazlığının, qorunmasının necə təşkili məsələləri işıqlandırılır. Kitabda dahi şəxsiyyətin təhlükəsizlik orqanlarında çiyin-çiyinə çalışdığı silahdaşlarının acılı-şirinli, gələcək nəsillərə örnək, nümunə olan xatirələri geniş şəkildə yer alır. Ümummilli liderin peşəkarlıq məktəbinin sadiq yetirmələrinin, təhlükəsizlik orqanlarında vaxtilə Heydər Əliyevin rəhbərliyi altında çalışmış veteranların, eyni zamanda, Qazaxıstan və Özbəkistanın təhlükəsizlik orqanlarının veteran əməkdaşlarının dahi şəxsiyyətin mühüm dövlət təsisatındakı fəaliyyəti ilə bağlı unudulmaz xatirələr yer alır. Kitabda müxtəlif dövrlərdə bir sıra mətbuat orqanlarında, həmçinin "Respublika" qəzetində dərc olunmuş məqalə və müsahibələrə də geniş yer verilmişdir. Oxunaqlı olması ilə yanaşı, rəngarəngliyi, fakt və məlumat zənginliyi də oxucu diqqətindən kənarda qalmır. Belə ki, dünyaşöhrətli siyasi xadimin xüsusi xidmət orqanlarında çalışdığı dövrü əks etdirən qərardadlardan, şəxsən imzaladığı və silahdaşlarına aid müxtəlif arxiv sənədlərindən, indiyə kimi heç yerdə dərc olunmamış məxfi hesab olunan, "şəxsi işində saxlanmalı" seriyasından olan foto və materiallardan da istifadə olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".