ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS
Region

ULU ÖNDƏRİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS

Lənkəranda "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər keçirilir. Növbəti tədbir Lənkəran rayon prokurorluğunun təşkilatçılığı ilə təşkil olunub. Konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və icra hakimiyyətinin rəsmiləri, Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı rayonlarının prokurorları, Lənkəran hərbi prokuroru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri iştirak edirdi.

Konfrans iştirakçıları əvvəl ümummilli liderin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Muzeyində ulu öndərin ömür yolunu, zəngin dövlətçilik fəaliyyətini əks etdirən fotostend və eksponatlarla tanış olduqdan sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.

Konfrans Lənkəran rayon prokurorluğunun inzibati binasında öz işinə başlayıb. Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirdə çıxış edərək ümummilli liderin hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən söhbət açıb. İcra başçısı bildirib ki, Heydər Əliyevin inkişaf strategiyası xalq tərəfindən birmənalı şəkildə qəbul olunur və onun siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Lənkəran rayon prokuroru Taryel Ələkbərov ulu öndərin hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi mütərəqqi, uğurlu islahatlar barədə ətraflı məruzə edib. Konfransda hüquq elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi İbrahim Quliyev, Lerik rayon prokuroru Akif Rzayev, Lənkəran hərbi prokuroru Elşən Əli-Məmmədov və başqaları çıxış ediblər. Sonda ümummilli liderin xatirəsinə həsr olunmuş "Böyük şəxsiyyət...3 ştrixdə" adlı sənədli film nümayiş olunub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".