2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi hər bir soydaşımız, bütövlükdə, dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Bu gün Azərbaycanın dünya birliyində reytinqinin getdikcə artmasının, xalqımızın firavan yaşayışının və müstəqilliyimizin əbədiyyətə çevrilməsinin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalqımız əsrlər boyu milli-azadlıq hüququnu təmin etmək, müstəqil, suveren olmaq arzusu ilə yaşamışdır. Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan edən ulu öndər Heydər Əliyev, ötən yüzilliyin sonunda Azərbaycan xalqının bu haqqını gerçəkliyə çevirdi. Dövlətimizin başçısının imzaladığı sərəncamda da bu məqamlar öz əksini tapıb. Sərəncamda deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".
Ulu öndər hələ sərt sovet dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərin qorunmasını daim uca tutması, milli kadrların yetişdirilməsindəki uzaqgörənliyi, Bakıda hərbi məktəbin əsasını qoyması, adət-ənənələrimizin yaşadılması, Azərbaycan dilinin ana dili kimi qəbul etdirilməsindəki qətiyyəti ilə ölkəmizin müstəqilliyə gedən yolunu müəyyənləşdirmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə yenicə müstəqilliyini bərpa edən ölkəmizdə ictimai-siyasi sabitlik, qanunçuluq bərqərar edilmiş, demokratik, hüquqi dövlət quruculuğu prosesinin əsası qoyulmuşdur. Ulu öndər Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmasını mühüm vəzifələrdən biri hesab edərək deyirdi ki, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.
Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan ümummilli lider bu istiqamətdə düşünülmüş siyasət yeridərək, ilk növbədə, ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına nail oldu. O dövrdə yenicə müstəqillik əldə etmiş bir dövlətin hərtərəfli inkişafını təmin etmək üçün mükəmməl qanunvericilik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi. Ona görə də dahi rəhbərin qarşısına qoyduğu birinci əsas vəzifə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması idi. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə konstitusiya layihəsi hazırlanaraq xalqın müzakirəsinə təqdim edildi və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi, referendum yolu ilə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi.
Bundan sonra ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlandı. Bütün sahələrdə olduğu kimi, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasında qətiyyətli addımlar atıldı. Konstitusiyanın qəbulu ilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq, qanunverici və icra hakimiyyəti ilə eyni statusu qazandı.
Müdrik şəxsiyyətin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq, müstəqil məhkəmə hakimiyyəti anlayışı öz əksini tapdı. Bununla da cəmiyyətdə yaranan hüquqi mübahisələrin həlli məsələsi, məhkəmələrin səlahiyyətinə aid edildi. Məhkəmə hakimiyyətinə verilmiş yeni səlahiyyətlər nəzərə alınmaqla, ilk dəfə olaraq, Konstitusiyada hakimlərin sərbəstliyi və müstəqilliyinin təminatı prinsipləri reallaşdı.
Konstitusiyanın qəbulu ilə ölkədə hüquqi islahatlar ardıcıl və sistemli xarakter aldı. Bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı və ümummilli lider hüquqi islahatlara müstəsna əhəmiyyət verərək həmin Komissiyaya rəhbərliyi bilavasitə öz üzərinə götürdü və qısa müddətdə yeni müasir qanunlar və məcəllələr qəbul olundu.
"Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında" qanunlar və digər normativ-hüquqi aktların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan mühüm əhəmiyyətli addım oldu. Bu islahatlar, eyni zamanda, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə əlverişli şərait yaratdı.
Ulu öndərin təşəbbüsü ilə 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" yeni Qanunun qəbulu, 1998-ci ildə isə bu Qanunun tətbiq edilməsi ilə bağlı proqram xarakterli Fərmanın imzalanması məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirləri müəyyən etdi. Eyni zamanda məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, məhkəmələr və hakimlərlə bağlı digər məsələlərin həyata keçirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası yaradıldı.
Bundan əlavə, Heydər Əliyevin 1999-cu ildə imzaladığı "Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" Fərmanı məhkəmə-hüquq sistemi işinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında mühüm rol oynadı. Həmin fərmanla məhkəmələrin, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirildi. Sonrakı illərdə bu islahatlar daha konkret işlərdə özünü büruzə verdi. Ulu öndərin imzaladığı "Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanının əsas məqsədini məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmələrin yaradılması və onların fəaliyyətinin təmin edilməsi təşkil edirdi.
Beləliklə, ümummilli lider tərəfindən aparılan köklü islahatlar nəticəsində 2000-ci ildə ölkədə insan hüquqlarının təminatına xidmət edən, üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başladı. Dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi keçirilərək təyinatlar aparıldı.
Məhkəmə islahatının əsas məqsəd və vəzifələri hüquqi dövlət çərçivəsində məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinin, vətəndaşların məhkəməyə ədalətli araşdırma üçün müraciət etmək hüququnun təmin edilməsi, peşəkar hüquqi yardım almaq imkanı, məhkəmə qərarlarından şikayət vermək hüququnun həyata keçirilməsi idi.
Ümummilli liderin təşəbbüsü ilə məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini humanistləşdirmək, həmçinin daim diqqət mərkəzində saxladığı insan hüquq və azadlıqlarının qorunmasını təmin etmək məqsədilə əsaslı islahatlar intensiv xarakter aldı. Bu islahatlardan biri də penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi prosesinin başa çatdırılması oldu.
İnsan hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edən dahi öndərin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə ölkəmizdə ölüm cəzası tamamilə ləğv edildi. Azərbaycan Şərqdə ölüm cəzasını ləğv edən ilk ölkə kimi tarixə düşdü. Bununla yanaşı, Heydər Əliyev tərəfindən əfvetmə institutu bərpa edilməklə, vətəndaşların dövlətə, onun rəhbərinə inamını, ümid və etimadını artırdı. Ümummilli lider 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirib. Bu, insan hüquq və azadlığının müdafiəsi istiqamətində atılan qətiyyətli addım idi.
Ümummilli liderin məhkəmə-hüquq sistemində əsasını qoyduğu mütərəqqi islahatlar onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
"Məhkəmə-Hüquq Şurası haqqında" yeni Qanunun qəbul olunması, "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi, həmçinin bir sıra qanunvericilik aktlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin başçısının məhkəmə-hüquq sahəsində islahatlarına göstərdiyi diqqətin göstəricisidir. Ötən dövrdə ölkə Prezidentinin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşmiş, yeni məhkəmə və məhkəmə təsisatları yaradılmış, infrastruktur müasirləşdirilmiş, hakimlərin ən şəffaf seçimi təsbit edilmiş, məhkəmə fəaliyyəti elektronlaşdırılaraq "Elektron məhkəmə" sistemi tətbiq olunmuş və digər mütərəqqi tədbirlər həyata keçirilmişdir.
Bu sahədə mühüm "yol xəritəsi" olan ədliyyə və məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun inkişaf etdirilməsinə rəvac verən dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı xüsusi qeyd olunmalıdır.
Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin tərkib hissəsi olmaqla hər birimizi yeni-yeni nailiyyətlərə ruhlandırır.
Bu gün Azərbaycanın adının dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilməsi hər bir soydaşımızı qürurlandırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edərək 30 illik işğala son qoyması Azərbaycanı dünyada qalib ölkə kimi tanıtdı.
Hazırda Azərbaycan dünyada sabitlik məkanı və sülhsevər dövlət kimi qəbul edilir. Ölkəmizin demokratik inkişaf yolu ilə getməsi, qanunun aliliyinin qorunması, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin yüksək amallarının gerçəkləşməsinin bariz nümunəsidir. Müstəqil Azərbaycan Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Emin MEHDİYEV,
Bakı Apellyasiya Məhkəməsinin hakimi.