Ümummilli lider Heydər Əliyevin sahibkarlığa diqqət və qayğısı
Siyasət

Ümummilli lider Heydər Əliyevin sahibkarlığa diqqət və qayğısı

Müstəqilliyimizin ilk illərində Azərbaycan olduqca çətin siyasi və çoxsaylı iqtisadi problemlərlə üz-üzə qaldı. Belə bir vəziyyətdə, 1993-cü ilin iyun ayında məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq qətiyyətli addımlar atması nəticəsində xalqımız bir çox təhlükələrdən xilas oldu, ölkəmizdə sabitlik bərpa olundu və inkişaf prosesləri başladı.

Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatının canlanması, ilk növbədə sahibkarlığın inkişaf imkanlarının reallaşdırılması üçün bir sıra fərman və sərəncamlar imzaladı, Milli Məclisə mühüm qanun layihələrinin müzakirə və qəbul edilməsini tövsiyə etdi. Sahibkarlığın inkişafını məhdudlaşdıran səbəbləri araşdırmaq və tədbirlər görmək üçün iş adamları ilə görüşlər keçirdi. Atılan bu addımlar ölkədə biznes mühitini xeyli yaxşılaşdırdı.

1993-cü ildə "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)" Dövlət Proqramının qəbulu və icrasına başlanılması,  sahibkarlıq sektorunda islahatların həyata keçirilməsi ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətini genişləndirməyə imkan verdi.

17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" və 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" imzalanan fərmanlar bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəldi. Eyni zamanda, sahibkarlığın inkişafında 1997-2000-ci illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsinin xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrildi. Bu proqramlar çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi. Həmçinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında", "Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlıq Şurasının yaradılması haqqında", "Sahibkarlara Kömək Milli Fondunun yaradılması haqqında"  və  "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" kimi fərmanlar ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə hüquqi-normativ bazanı formalaşdırdı.       

Ölkədə bütövlükdə sahibkarlıq ekosisteminin hüquqi bazasının tam formalaşdırılması baxımından əlavə olaraq "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar Cəmiyyətləri haqqında", "Əmək birjası haqqında", "Lizinq kampaniyaları haqqında" qanunlar qəbul olundu.

1993-cü ildən sonra ümummilli liderin uzaqgörən siyasəti sayəsində xarici investisiyaların Azərbaycana axını sürətləndi. Məhz Heydər Əliyevin tövsiyə və tapşırıqları əsasında xarici sərmayə haqqında təkmil qanunvericilik bazası yaradıldı.

1994-cü ilin sentyabrında xaricdən böyük təzyiqlərə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu beynəlxalq müqavilə Azərbaycanın qısa müddətdə dünya iqtisadi sisteminə inteqrasiyasına, iqtisadi-siyasi təhlükəsizliyə əsas yaratdı və ölkəyə investisiya qoyuluşuna münbit şərait formalaşdırdı.

Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən iki Dövlət Proqramının qəbul edilməsinin böyük əhəmiyyəti oldu və kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrildi. Bu proqramlar çərçivəsində sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi. Sahibkarlığın inkişafının mühüm şərtlərindən olan infrastrukturun formalaşdırılması sahəsində də vacib işlər görüldü. Sahibkarlara  zəruri texniki yardım - məsləhət, informasiya və sair xidmətlər göstərən strukturlar yaradıldı.

Ulu öndər Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən etibarən vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı bəndlərinin dövlət başçısı yanında dəfələrlə müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi, bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etdi.

Qeyd edək ki, 1993-2003-cü illərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə aid qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafı, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması ilə bağlı müddəalar öz əksini tapdı. Həmçinin bu sahə üzrə qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, ulu öndərin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilərək lisenziyaların müddəti uzadıldı.

Sonrakı mərhələdə kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edildi, eləcə də "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər vacib qanunlar qəbul olundu. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirdi, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin yaratdı. Onu da vurğulayaq ki, sahibkarlığın inkişafına dövlət nəzarət sisteminin təkmilləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu oldu.

Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ildə sahibkarlarla keçirilən görüşlərin birində ulu öndər Heydər Əliyev demişdir: "Aparılan siyasət, islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə yeni təbəqənin, sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxarıbdır. Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Bizim görəcəyimiz işlər ondan ibarət idi ki, islahatları həyata keçirmək üçün, bazar iqtisadiyyatının tələblərini ödəmək üçün lazım olan qanunlar qəbul etməliydik, qaydalar yaratmalı idik və ölkəmizdə bu qanunların həyata keçirilməsini, onlara riayət olunmasını təmin etməliydik. Biz deyə bilərik ki, bunu da etmişik. İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranıbdır. Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir".

28 noyabr 2002-ci il Prezident Sarayında Heydər Əliyev nəinki Türkiyədə, həmçinin beynəlxalq aləmdə tanınan Şarık Taranı qəbul etmişdir. Dövlət başçısı ölkənin inkişafında sahibkarlığın rolunu yüksək qiymətləndirmiş və dünyanın ilk növbədə qardaş Türkiyənin məşhur iş adamlarını Azərbaycanda iş qurmağa dəvət etmişdir.

Ulu öndərin diqqət və qayğısı nəticəsində 1993-2003-cü illərdə sahibkarlığın inkişafı istiqamətində uğurlu siyasət həyata keçirilmiş və  bu siyasət nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı əhəmiyyətli dərəcədə artmışdır.

Məlum həqiqətdir ki, qeyri-neft-qaz sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaldır. Bu, ilk növbədə regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Hazırda ümumi daxili məhsulun əsas hissəsi özəl sektorda istehsal olunur. Bu uğurların qazanılmasında Azərbaycan sahibkarlarının böyük  töhfəsi var.

1 yanvar 2003-cü il tarixinə respublikada Dövlət Reyestrində qeydə alınmış 59,1 min müəssisə var idi. 1998-ci ilə nisbətən müəssisələrin sayı 10,0 min artmışdı. Ən çox artım topdan və pərakəndə satış, avtomobillərin, motosikletlərin, məişət malları və şəxsi əşyaların təmiri, emal sənayesi, dövlət idarəetmə və müdafiə, məcburi sosial sığorta bölmələrində müşayiət edilirdi. Ondan pərakəndə satış, emal sənayesi, tikinti, kənd təsərrüfatı ilə məşğul olan müəssisələr cəmi kiçik müəssisələrin 79,3%-ni təşkil edirdi. Mülkiyyət növləri üzrə müəssisələr aşağıdakı nisbətdə idi: dövlət - 3,5%; bələdiyyə - 9,5%; xüsusi - 68,9%; xarici - 3,5% və qarışıq - 1,8%.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaq və ölkəyə xarici investisiyaları cəlb etməklə qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi aqrar bölmənin inkişafına təkan vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatları kənd təsərrüfatlarını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu.

Qeyd olunanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlərin çox cüzi hissəsini təşkil edir. Bu tədbirlər zamanında öz müsbət təsirini göstərmiş və nəticə etibarilə özəl sektorun həm Ümumi Daxili Məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artmışdır.    

Təhlillər göstərir ki, sahibkarlığın inkişafına mane olan inzibati amillərin aradan qaldırılması, əsassız yoxlamaların azalması, hökumətin kiçik və orta biznesə köməyinin artması, Vergi Məcəlləsində edilmiş dəyişikliklər öz müsbət nəticəsini vermişdir. Onu da qeyd edək ki, ulu öndər Heydər Əliyevin inzibati və digər sədlərin, o cümlədən vergi sisteminin təkmilləşdirilməsi, bütün bu sistemin ahəngini pozan əsassız və qanunsuz yoxlama və təftişlərin kəskin azaldılmasına dair nəzərdə tutulmuş tədbirlər kompleksi təzəcə formalaşmış sahibkarlar mühitində dərin razılıq hissi ilə qarşılanmışdır.

Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulamışdır. Böyük dövlət xadimi Heydər Əliyev bu məsələ ilə bağlı demişdir: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur".

Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası təmin edildi. Azərbaycan iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarilə inkişafın yeni - Azərbaycan modelini yaratdı. Məhz bu model hazırda ölkəmizin dünya dövlətləri arasında layiqli təmsil olunmasına imkan verir.

Heydər Əliyev dövlət-xalq birliyinin təmin edilməsi üçün titanik fəaliyyət göstərdi və ona nail oldu. Bu gün Azərbaycanın strateji inkişafının təməl istiqamətlərinə münasibətdə əhalinin demək olar ki, bütün təbəqələri vahid mövqeyə malikdir: yeni cəmiyyət quruculuğu obyektiv zərurətdir və geriyə, inzibati-amiranə metodlara qayıdış yolu yoxdur. Bu yolun da uğurlu olması sahibkarlığın inkişafı ilə bağlıdır. Burada digər amillərlə yanaşı, sahibkarların sosial məsuliyyət məsələsi də ön plana çəkilməlidir. Artıq ölkədə yaranmış iqtisadi potensial, sahibkarların strateji resurs kimi formalaşması, bu  təbəqənin güclənməsi istiqamətində atılan addımlar, dəstək və nəzərdə tutulan güzəştlər, bütövlükdə inkişafın bu mərhələsində bir çox məsələləri dövlətin öz üzərinə götürməsi onu deməyə əsas verir ki, sahibkarlar da sosial məsuliyyət prinsipinə əməl etməlidir.

Ulu öndər Heydər Əliyev respublika iqtisadiyyatının inkişafı ilə bağlı çıxışlarında Azərbaycanın gələcəyinə inandığını, bunun üçün real imkanların, müəyyən etdiyi strateji xəttin dönməz olduğunu, onun xalqımızın milli dövlət mənafelərinə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yönəldiyini xüsusi vurğulayırdı.

Sahibkarlığın inkişafı istiqamətində ulu öndərin prinsip və ənənələri bu gün dövlət başçısı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı fərman və sərəncamlar, qanunlar, Dövlət proqramları sahibkarlığın inkişafına mühüm töhfələr verir.

Dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Günü"nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamı və hər il aprel ayının 25-nin Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilməsi ölkədə sahibkarlığın önəmli sahə olduğunu əks etdirir.

28 dekabr 2022-ci il tarixində yaradılmasının beşilliyini qeyd edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kollektivi ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirərək sahibkarlığın inkişafında bilik və bacarıqlarını əsirgəmir, ölkəmizin çiçəklənməsi naminə daha böyük əzmkarlıq göstərir. Heç şübhəsiz ki, 2 dekabr 2022-ci il tarixində qəbul edilmiş və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyən, bu sahəyə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edən "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə sahibkarlığın yeni çağırışlara uyğun inkişafına dəstək olacaqdır.

Asif HƏSƏNOV,

iqtisad üzrə fəlsəfə doktoru.