Ümumxalq məhəbbətini qazanmış lider
Siyasət

Ümumxalq məhəbbətini qazanmış lider

Hər il ümummilli lider Heydər Əliyevin anım günündə Fəxri Xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin xatirəsinə hörmət və ehtiramını ifadə edir. Bu böyük insana ümumxalq sevgisi, məhəbbəti tükənməzdir. Xalqımız bu dahi şəxsiyyətin xatirəsini daim əziz tutur.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək". Bu fikirləri Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sessiyasında çıxışında bildirib.

Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı məhz Heydər Əliyev ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın, bu dahi şəxsiyyətin izi görünməsin. Təkcə onun sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük bir təcrübə, dövlət idarəçiliyi akademiyasıdır.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında dövlət başçısı seçiləndən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparan Ulu Öndər Heydər Əliyev ilk növbədə qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etdi. Dahi rəhbərin uzaqgörən siyasəti və idarəçiliyi ilə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, ölkənin xaos vəziyyətindən çıxarılması birbaşa Ulu Öndər Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır.

Onun böyüklüyü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlidən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir.  Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq və ən düzgün qərar verəcəkdir. Heydər Əliyev çağdaş Azərbaycanın inkişaf istiqamətlərini müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanaraq tarixi şəxsiyyətə çevrilib.

Ölkəmizin qazandığı uğurlar məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır. Ulu öndərin həyat və fəaliyyəti Vətənə və xalqa sonsuz bağlılığın parlaq nümunəsi olmaqla, mənəvi kamilliklə siyasi müdrikliyin bütövlüyünü təcəssüm etdirir. Böyük şəxsiyyətin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərində respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan verib. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.

Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail olmuş, eyni zamanda sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdur. Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərindəndir.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Mustafa KAMAL,

"Respublika".