Universitetlər arasında müqavilə imzalanıb
Elm və təhsil

Universitetlər arasında müqavilə imzalanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Bahçeşehir Universitetinin (BAU) rektoru professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

8 iyun BANM-nin məlumatında bildirilir ki,Elmar Qasımov qonaqlara BANM haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi qısa müddətdə ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilib. Rektor vurğulayıb ki, ölkə üzrə ən yüksək keçid balı BANM ixtisaslarınadır, Prezident təqaüdçülərinin sayına görə də BANM birincidir.

Bahçeşehir Universitetinin rektoru rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq hər iki universitet üçün faydalı olacaq.

Sonra iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum tələbələrin, tədris, tədqiqat və təhsil proqramlarında iştirak üçün professor-müəllim heyətinin, mühazirə, müzakirə və təcrübə məqsədilə alimlərin mübadiləsini, hər iki universitetin maraq göstərdiyi sahələr üzrə nəşrlərin mübadiləsini, birgə peşəkar inkişaf, təhsil proqramları və digər məsələləri nəzərdə tutur.

“Respublika”.