Beynəlxalq konfrans keçirilib
Elm və təhsil

Beynəlxalq konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nüremberq Universiteti (FAU) və Qazaxstanın Qazax Milli Pedaqoji Universiteti (KazNPU) ilə birgə icra olunan “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə-Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” (“Pedagogical Professionalism and Internationalization - Dialogue with the Post-Soviet Islamic Education Space”)  adlı layihə çərçivəsində 5-6 iyun tarixlərində “Çoxdillilik, beynəlmiləlləşmə, rəqəmsallaşma müəllim hazırlığında innovativ amillər kimi” ("Multilingualism, internationalization, digitalization as factors of innovations in teacher education") mövzusunda Beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan rektor prof. Cəfər Cəfərov 3 illik layihənin  sonunda belə bir konfransın baş tutmasını uğurlu hesab edərək, növbəti mərhələdə hər iki universitet ilə əməkdaşlıq etmək haqqında yeni danışıqların aparılması barədə təkliflərini irəli sürmüşdür. Professor Cəfər Cəfərov qeyd etmişdir ki, konfransa Almaniya, Qazaxstan və Azərbaycandan ümumilikdə 37 məqalə təqdim edilmişdir.

Konfransda çıxış edən ADPU-nun prorektoru prof. Asəf  Zamanov qeyd etmişdir ki, elmi araşdırmanın təşviqini hədəfləyən bu kimi konfrans və seminarlar peşəkar müəllim hazırlığına xidmət baxımından yüksək qiymətləndirilir. Professor hesab edir ki, bütün cəsarətli ideyalar, yeniliyi ehtiva edən təkliflər, əldə olunan nəticələr məhz belə kolloborativ mühitdə yarandıqda, müxtəlif görüşlü mütəxəsislərin fikir süzgəcindən keçdikdə, elmi dəyərini, etibarlılığını daha da artırmış olur.

Qazaxstandan olan layihə tərəfdaşı KazNPU-nun elm və innovasiyalar şöbəsinin müdiri prof. Ulzarxun Abdiqafarova layihə rəhbəri  prof.  Anatoli  Rakoşkin 3 illik layihənin Bakıda beynəlxalq konfrans ilə nəticələnməsindən çox məmnun olduqlarını bildirmiş və ADPU rəhbərliyinə təşəkkür etmişlər.

Konfrans “Beynəlxalq təhsil-tarix, inkişaf və cari problemlər. Azərbaycan, Almaniya və Qazaxstanda təcrübə” (“İnternational education – history, development and current problems. Practice in Azerbaijan, Germany and Kazakhstan”), “XXI əsrdə müəllim hazırlığı-aktual problemlər və perspektivlər” (“Teacher education in XXI century - urgent problems and perspectives”), “Təhsildə rəqəmsallaşma” (“Digitalization in Education”)  bölmələri üzrə davam etmişdir. 

“Respublika”.