Vətən müharibəsi iştirakçısının daha bir medalı
Sosial həyat

Vətən müharibəsi iştirakçısının daha bir medalı

Ehtiyatda olan kapitan Mayis Məmməd oğlu Məmmədov Astarada böyük hörmət və nüfuz sahibidir. O, hazırda rayonda gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Coğrafiya müəllimidir. Mayis müəllim İkinci Qarabağ müharibəsində erməni faşistlərinə qarşı haqq savaşımızda könüllü iştirak edib. O, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən bir-birindən ağır döyüşlərdə əsl qəhrəman kimi vuruşub. Hər an Vətən naminə canından keçməyə hazır olan cəsur kapitan düşmənin onlarla canlı qüvvəsini, hərbi texnikasını məhv edib.

Kapitan Mayis Məmmədovun cəbhə boyu göstərdiyi şücaət dövlət tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə", Cəbrayılın, Qubadlının azadlığı uğrunda medallarına layiq görülüb. Bu günlərdə qəhrəman döyüşçünün aldığı yüksək dövlət mükafatlarına "Vətən naminə" medalı da əlavə olunub. Medalı ona Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi təqdim edib.

Zəfər ORUCOĞLU.