Vətəndaş məmnunluğu diqqət mərkəzindədir
Sosial həyat

Vətəndaş məmnunluğu diqqət mərkəzindədir

Prezident İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası Miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ölkəmizin başçısı Dövlət Miqrasiya Xidmətinə və onun əməkdaşlarına daim diqqət və qayğı ilə yanaşır.

Hazırda respublikamızda müasir tələblərə cavab verən xidmətin formalaşması bunun əyani sübutudur. Miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlər həyata keçirilir. 2006-cı ildə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında" Sərəncamın imzalanması da bu istiqamətdə atılan təqdirəlayiq addımdır. Sözügedən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, proseslərin tənzimlənməsi, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi mühüm məsələlər öz əksini tapıb. Bununla yanaşı, miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxır. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri icra edən qurum hüquq-mühafizə orqanı statusu alıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin strukturuna aparatla yanaşı, 8 regional miqrasiya idarəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin istifadəsi üçün Bakı və Yevlaxda 2 qanunsuz miqrantların saxlanılması mərkəzi, Təlim-tədris mərkəzi və tibb müəssisəsi daxildir. Eyni zamanda Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində, həmçinin beynəlxalq hava limanlarında Dövlət Miqrasiya Xidmətinin bölmələri də fəaliyyət göstərir. Hələ 2008-ci il dekabrın 1-də Dövlət Miqrasiya Xidmətinin üç dildə fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi yaradılıb ki, bu da xidmətdən istifadə edənlərin problemlərinin daha çevik həllinə yönəlib. Tamamilə yenidən qurulan mərkəzin texniki imkanları şaxələndirilməklə beynəlxalq standartlara müvafiq olaraq təşkil olunub. 2018-ci ildə istifadəyə verilən MİGAZ mobil tətbiqi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanılması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə və növbə, "ASAN Viza" və digər istiqamətlər üzrə servis xidmətlərinə əlçatanlılığı təmin edir. Xüsusi vurğulamaq lazımdır ki, bütün "ASAN xidmət" mərkəzlərində də DMX tərəfindən əhaliyə müvafiq xidmətlər göstərilir. Ötən illər ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti qalma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı minlərlə müraciət daxil olub. Xidmət yaradıldığı gündən etibarən idarəetmənin təkmilləşdirilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi, həmçinin normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlərdə Xidməti öz üzərinə düşən vəzifələri uğurla icra edib və DMX bu gün mobil bir quruma çevrilib.

Qeyd edək ki, qurum fəaliyyətində Prezident İlham Əliyevin fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, göstərilən yüksək diqqət və qayğının müqabilində işini ən müasir tələblərə uyğun şəkildə yerinə yetirməyə çalışır. Təsadüfi deyil ki, DMX getdikcə daha da inkişaf edir. Önəmli hadisələrdən biri də 2021-ci ildə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycanda daimi nümayəndəliyinin təsis edilməsi haqqında müqavilənin imzalanması olub. Xidmətin səmərəliliyinin artırılması məqsədilə DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirici görüşlər, müxtəlif rayon və şəhərlərdə çoxsaylı məlumatlandırma tədbirləri, səyyar xidmətlər təşkil edir. Ötən illər ərzində DMX tərəfindən e-xidmətlərin geniş tətbiqi, sayının və keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə bütün elektron xidmətlər üzrə yenilənmə işləri həyata keçirilib. Əlavə olaraq, iki yeni - "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi" və "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi" elektron xidmətləri yaradılıb. Həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə əməkdaşlıq şəraitində "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)" layihəsi reallaşdırılıb.

Nəzrin ELDARQIZI,

"Respublika".