VIII GÜN. RETROSPEKTİV
Siyasət

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

8 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib.

Cənubi Qafqazda etibarlı və faydalı tərəfdaşlıq

Ölkə başçımızın oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olması regional əhəmiyyətli layihələrin və Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərinin müzakirəsi üçün önəmli rol oynadı. Mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri təkbətək görüş çərçivəsində aparılan müzakirələr haqqında da məlumat verdilər. İqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələri ilə bağlı danışıqlara əsasən hər iki ölkənin etibarlı əməkdaşlığı daha da yüksəltməyi hədəfləməsi diqqətə çatdırıldı. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alır. Bununla yanaşı, tərəflər Ermənistan-Azərbaycan arasında normallaşma prosesi məsələsinə də toxundular. Prezident İlham Əliyev Gürcüstanın bu prosesdəki rolunun vacibliyini bir daha xatırlatdı: "Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər".

  • Bakıda "Korkut Ata" III Türk Dünyası Film Festivalının açılış mərasimi olub.

9 oktyabr

  • BMT missiyasının Qarabağa növbəti səfəri baş tutub.

BMT missiyası növbəti dəfə Qarabağa gəldi

Missiyanın üzvləri oktyabrın 9-da Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiya yerdə vəziyyətlə tanış olub, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirib. Xatırladaq ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib.

Antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunub və mülki əhali hədəf alınmayıb. Bunu qeydə alınan videogörüntülərdən də aydın sezmək mümkündür. Məhz BMT missiyasının oktyabrın 1-də Qarabağ səfərindən sonra yaydığı bəyanat bunu bir daha təsdiqləyir. Azərbaycanın dəvəti ilə reallaşan bu prosesin yekununda bildirildi ki: "Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib". Digər tərəfdən daim reinteqrasiya çağırışı edən tərəf Azərbaycan olmuşdur. Yerli erməni əhalinin bütün hüquq və azadlıqlarının qorunması birbaşa Azərbaycan dövlətinin təminatı altındadır. Bizim qanunvericiliyimizə uyğun yaşamaq istəməyənlər isə dinc və təhlükəsiz şəkildə bölgəni tərk edir və Azərbaycan bu prosesi böyük həssaslıqla izləyir. Əksər ermənilər ərazini tərk etsə də, aralarında Azərbaycan vətəndaşı olmaq istəyənlər var ki, bu, dövlətimizin multikultural yanaşmasının bəhrəsidir.

  • ANAMA azad edilmiş ərazilərdə tank əleyhinə daha 67 mina aşkarlandığını açıqlayıb.
  • Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri sırasında ilk 5-likdə yer alıb.

10 oktyabr

  • Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlayıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib.
  • AŞPA-nın payız sessiyasında azərbaycanlı deputatın məruzəsi əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilib.
  • Füzulinin daha 88 sakini doğma yurduna yola salınıb.

11 oktyabr

  • Prezident İlham Əliyev "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncam imzalayıb.
  • Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.

12 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib.

Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı genişləndirir

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfər edib. Səfər çərçivəsində ölkə başçımız Bişkekdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasındakı iqtisadi-ticari əlaqələrin inkişafı, həmçinin ticarət dövriyyəsinin artması kimi məsələlər müzakirə edilib. Eyni zamanda regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, respublikamızın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlıq münasibətləri diqqətə çatdırılıb. Söhbət zamanı, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, eləcə də onun potensialının genişləndirilməsi də qeyd olunub. Rusiya ilə bu cür müzakirələrin aparılması Azərbaycanın bir daha MDB ölkələri ilə sıx əməkdaşlığından xəbər verir.

Oktyabrın 13-də isə Prezident İlham Əliyev Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunub. Dövlət başçısının çıxışı zamanı söylədiyi fikirlər Azərbaycanın MDB məkanındakı nüfuzunu bir daha təsdiqləyir: "Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək".

  • Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub.
  • Milli Məclisin xüsusi iclası keçirilib, İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı bəyanat qəbul olunub.
  • Daha 21 ailə Füzuliyə yola salınıb.

13 oktyabr

  • Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.
  • Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qurumun ölkəmizlə bağlı ədalətsiz yanaşmasını qətiyyətlə rədd edib.
  • BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycanın müəllifliyi ilə qətnamə qəbul edilib.
  • TÜRKSOY Daimi Şurasının 40-cı iclası Şuşada keçirilib.

14 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
  • İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilib.
  • I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub.

"Respublika".