Xalqa, dövlətə sadiqlik və sevgi nümunəsi
Sosial həyat

Xalqa, dövlətə sadiqlik və sevgi nümunəsi

Azərbaycan tarixinin bütün dövrləri qəhrəmanlıq və uğur, mərdlik və cəsarət nümunələri ilə zəngindir. Vətənpərvər oğullarla yanaşı, qadınlarımız da bu böyük məsuliyyət yükünü bacarıqla daşıyır. Azərbaycan qadını tarix boyu cəsarət, şəfqət, müdriklik və gözəllik rəmzi olub. Hər zaman öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayan Azərbaycan qadını dedikdə, ilk növbədə, Şərq və Qərbin özünəməxsus milli-mənəvi, əxlaqi dəyərlərini təcəssüm etdirən, mütərəqqi yeniliklərin uğurlu vəhdətini özündə birləşdirən müasir qadın obrazı təsəvvür edilir. Əsrlərin yaddaşında qalan izlər qadınlarımızın qəhrəman keçmişindən söz açır. Azərbaycan qadını XX əsrin əvvəllərində ölkəmizdə baş verən siyasi, iqtisadi və mədəni proseslərin fonunda daha da fəallaşdı. Lakin müasir Azərbaycan tarixində qadın məsələsi yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə dövlətin diqqət mərkəzinə düşdü. Məhz ümummilli liderin ardıcıl fəaliyyəti və dəstəyi nəticəsində ölkədə qadın hərəkatı güclənmiş, Azərbaycan qadınının həyatın bütün sahələrində özünü təsdiqləməsinə lazımi şərait yaradılmış, ən ləyaqətli, ən bacarıqlı qadınlarımız müxtəlif yüksək vəzifələrə irəli çəkilərək vətənimizin inkişafına öz töhfələrini vermişlər.

Müstəqil Azərbaycanın bizə qazandırdığı əsas nailiyyətlərdən biri də qadınlarımızın ictimai fəallığının və siyasi gücünün artmasıdır. Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır, müasir dövrdə də örnək simalar yetişdirir.

Tarixin bizə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri, müasir Azərbaycan qadınlarının ən parlaq nümayəndəsi Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti, xoşməramlı səfir, humanizm və mərhəmət ideyalarının carçısı və nəhayət, məsuliyyəti ilə mükəmməl xanım obrazını öz şəxsiyyətində təcəssüm etdirən əsl Azərbaycan qadınıdır. O, insanların düşüncəsinə mahiyyət etibarilə çox geniş və yeni məfhumlar gətirdi. Qadınlar nə qədər zərif olsalar da, onlar milli adət-ənənələrə, ailə dəyərlərimizə və qanunlara arxalanaraq çox böyük nailiyyətlər qazana bilərlər. Yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, bütün dünyada böyük hörmət və nüfuz qazanan, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın müasir Azərbaycanın quruculuq tarixində xüsusi xidmətləri var. Ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi istiqamətində yorulmadan çalışan Mehriban Əliyeva Azərbaycan ailəsinin tərəqqisi, cəmiyyətimizdə qadının yerinin, hüququnun möhkəmləndirilməsi, uşaq hüquqlarının təmin edilməsi yönündə həyata keçirdiyi ardıcıl tədbirlərlə müstəqil Azərbaycanımızın bugünkü ictimai həyatında əvəzedilməz rol oynayır. Çoxşaxəli və geniş fəaliyyət dairəsi olan Mehriban xanım Əliyeva böyük uğurlar qazanmış, ölkəmizin həyatında qlobal layihələrin gerçəkləşməsinə, mədəni irsimizin dünyada tanıdılmasına nail olmuş, təhsil və səhiyyəmizin inkişafında misilsiz xidmətlər göstərmişdir.

Mehriban xanım Əliyevanın son onilliklər ərzində özünün rəhbərliyi ilə ailə, qadın və uşaq məsələləri sahəsində dövlət orqanları və vətəndaş cəmiyyətinin həyatına dair bir sıra problemlərin həllinə yönəlmiş təşəbbüsləri Heydər Əliyev Fondunun xətti ilə gerçəkləşdirilən milli-mənəvi və ailə dəyərlərimizin qorunmasına, gənc nəslin vətənpərvər ruhda formalaşmasına, Qarabağ həqiqətlərinin dünya ölkələri və xalqları arasında təbliğinə yönəlmiş fəaliyyəti diqqətəlayiqdir.

2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və həmçinin Ulu Öndərin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Fondun yalnız xeyriyyəçilik yönündə deyil, Azərbaycanın bu günü və gələcəyi üçün ən vacib istiqamətlər üzrə fəaliyyətinə nail oldu. Bu gün Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr arasında xalqımızın minilliklər boyu qoruyub saxladığı və bu günümüzə çatdırdığı mənəvi dəyərlərimiz, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, idman sahələrinin inkişafı, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi və s. önəmli yer tutur. Fondun həyata keçirdiyi məqsədyönlü layihələrin qayəsində isə gənc müasir, müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması, ölkəmizin tolerantlığın ünvanı, sivilizasiyalararası dialoqun məkanı kimi qəbul edilməsi missiyası dayanır. Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasının, habelə milli dövlətçilik ideologiyasının möhkəmlənməsinə xidmət edən Heydər Əliyev Fondu bu gün təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da uğurlu fəaliyyət göstərir. ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri olan Heydər Əliyev Fondu dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq əlaqələrini ildən-ilə genişləndirir. Fond BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNESCO, ICESCO və digər nüfuzlu qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən hər bir layihənin əsas məqsədi vətəndaşların maraqlarını qorumaq, yardıma ehtiyacı olan insanlara kömək etməkdir.

Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Bununla bərabər həm ölkəmizdə, həm də ölkədən kənarda mədəni irsin qorunması üçün əlindən gələni əsirgəməyən Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrinin, o cümlədən Dünya Mədəni irs siyahısına daxil edilmiş Versal sarayının, eyni zamanda, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin Şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir.

Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri və Azərbaycan mədəniyyətini tanıtdırmaq, təbliğ etmək missiyası daşıyan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti adına layiq görülən Mehriban xanım Əliyeva respublikamızın ictimai-mədəni həyatında böyük, əvəzolunmaz işlər görür. Belə ki, Azərbaycan muğamının bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilməsində, İçərişəhərin, Qız Qalasının çox nadir memarlıq incisi kimi Dünya Mədəni İrs Siyahısına salınmasında, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin yubileylərinin UNESCO-nun təqvimində yer almasında, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin UNESCO çərçivəsində qeyd olunmasında, bir sıra elm, təhsil sahəsində uğurlu əməkdaşlıqda UNESCO-nun ilk azərbaycanlı xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri var.

Orta əsrlərdə yaşamış alimlərin Azərbaycanda saxlanılan əlyazmalarından xüsusi əhəmiyyət daşıyan 3-ü Mehriban xanımın səyi ilə 2005-ci ildə UNESCO tərəfindən Dünya Yaddaşı Proqramının beynəlxalq registrinə daxil edilmişdir. Mehriban xanım Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, dünyada böyük fədakarlıqla, uğurla təbliğ edir.

Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, “Qarabağ xanəndələri” albomunun hazırlanması, muğam dəstgahları albomunun işıq üzü görməsi, bir sıra muğam ustalarının kitablarının və albomlarının çap olunması, qədim muğam traktatlarının tərcümə olunması, bir sözlə muğamla bağlı saysız-hesabsız layihələrin ideya müəllifi də Azərbaycan mədəniyyətinin sözün əsl mənasında sadiq dostu Mehriban xanım Əliyevadır.

Hər zaman Azərbaycanın və Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir.

UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın tarixini, mədəni irsini, eyni zamanda siyasi və ictimai gerçəkliklərini ölkəmizin siyasi mövqeyini, potensialını dünya ictimaiyyətinə çatdırmaqda bu fəallıq özünü daha çox büruzə verir. Birinci vitse-prezident olaraq əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqələrinin qayğılarının həllinə yönəldən Mehriban Əliyeva fəaliyyətinin bütün istiqamətlərində mərhəmət, real işlər, problemlərin düzgün və vaxtında həll olunması üçün konkret addımlar atır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən hər bir layihənin əsas məqsədi vətəndaşların maraqlarını qorumaq, yardıma ehtiyacı olan insanlara kömək etməkdir. 2016-cı ilin fevral ayında “Regional İnkişaf” İctimai Birliyi də təsis edilərkən vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırmağı, dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaraq, regionların inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlara, o cümlədən tədbirlərə hərtərəfli dəstək göstərməyi hədəfləmişdir. Bu gün regionlarda ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrini əhatə edən mühüm layihələr reallaşdırılıb, uğurlu nəticələr əldə edilib.

Fəaliyyət göstərdiyi 5 il ərzində RİİB-in insan kapitalının formalaşdırılması, əhalinin sağlamlığının qorunması, sosial-məişət vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi qayğıya ehtiyacı olan və fiziki imkanları məhdud şəxslərlə aparılan genişmiqyaslı iş, özəlliklə də dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində vətəndaşların problemlərinin həll edilməsi buna nümunədir.

Xüsusilə Mehriban xanımın yüzlərlə bacarıqlı gəncin müasir standartlara uyğun kadr kimi formalaşması, ölkə miqyaslı layihələrdə təcrübə toplayaraq ictimai fəallığının gücləndirilməsi, könüllü işinə cəlb edilərək kütləvi tədbirlərdə iştirakının təmin edilməsi, yeni layihələrin irəli sürülməsində təşəbbüskarlığının artırılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Bu gün könüllülər idman tədbirlərində və yarışlarda, ekoloji layihələrdə, xeyriyyə aksiyalarında aktiv iştirak edir.

Elm və mədəniyyətimizin tərəqqisi, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, bir çox nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük payı var, onun bu istiqamətdə uğurlu fəaliyyəti bütün dünyada təqdir olunur.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyəti, səlahiyyət dairəsinə aid olan məsələlər - sosial sahənin inkişafı, təhsil və səhiyyə sferalarına innovativ və yeni yanaşmaların gətirilməsi, həyata keçirilən dövlət siyasətinin mərkəzində dayanan insana göstərilən qayğı və diqqət baxımından olduqca təqdirəlayiqdir.

Bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olan ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, işgüzar, xalqına, onun milli-mənəvi dəyərlərinə qırılmaz tellərlə bağlı olan Mehriban Əliyeva yaxşı bilir ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Elə buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurmuşdur. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun rəhbərliyi ilə həyata keçirilən mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinə əhəmiyyətli töhfə verir, humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına xidmət edir.

Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi, onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.

Xalqımıza Qarabağ zəfərini qazandıran Xalq - Lider - Ordu birliyi, igidlərimizin şücaəti, qəhrəmanlığı sayəsində Azərbaycan tarixinin ən parlaq dövrünü yaşayır. Uzun illərdən bəri ilk dəfə olaraq bütövlüyünə qovuşmuş Vətənimizin gələcək inkişaf perspektivlərindən danışa bilirik. Bu günlərin hər biri dövlətçilik tariximizi şərəfləndirir, uğurlarımıza, keçdiyimiz sınaqlara bələdçilik edir. Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi, onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. Ali Baş Komandanın ən sadiq silahdaşı olan Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına bir ana kimi şərik oldu.

Bütün bu fəaliyyətlərlə yanaşı, Mehriban xanım Əliyeva sadə, səmimi və təvazökar xarakteri ilə xalqın qəlbində özünəməxsus yer tutmuş və onun qürur duyduğu şəxsiyyətə çevrilmişdir. Yeni ideya və layihələrin müəllifi kimi hər kəsi tərəqqiyə və yeniliklərə ruhlandıran, ziyalı şəxsiyyət, cəmiyyətimizin firavanlığını qarşısına məqsəd qoymuş Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada hörmət və şöhrət qazanıb, əldə etdiyi uğurlar bir çox dövlətlər, nüfuzlu şəxslər, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. XXI əsrin məşhur, görkəmli qadınları sırasında adı, bənzərsiz dəst-xətti olan Mehriban xanım Əliyeva böyük ictimai xadim olmaqla, mühüm rəhbər vəzifə daşımaqla yanaşı, gözəl, səmimi həyat yoldaşı, qayğıkeş ana kimi nümunəvi obraza malikdir. Humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirməklə hamı üçün gözəllik, mərhəmət nümunəsinə çevrilib.

İnsansevərlik, kreativlik, alicənablıq kimi keyfiyyətləri ilə insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyən Mehriban xanım Əliyeva hər kəsin qəlbində səmimiliyi ilə “Bizim Mehriban” kimi sevilir və seviləcək.

Aynur SOFİYEVA,

Azərbaycan Respublikasının

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin sədr müavini,

YAP İdarə Heyətinin üzvü.