Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq...
Digər xəbərlər

Xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq...

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində, o cümlədən dövlətimiz tərəfindən ölkədə və respublikamızdan kənarda görülən nəhəng işlər, həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində tarix boyu xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımları, terrorlar və digər sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Bağanıs Ayrım, Meşəli, Kərkicahan qətliamları və sair insanlığa sığmayan vəhşiliklərlə törədilmiş cinayətlər, eləcə də Ballıqaya faciəsi barədə tarixi reallıqlar dünya ictimaiyyətinə çatdırılmış və hətta onların bəzilərinə beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunmuşdur.

Qeyd etmək lazımdır ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Bu haqda danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sözügedən istiqamətdəki səmərəli fəaliyyətini, xüsusən də Xocalı Soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildən başlayaraq həyata keçirdiyi "Xocalıya Ədalət!" kampaniyasını da vurğulamaq lazımdır.

Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq cinayətləri və digər cinayətlər ilə əlaqədar istintaqının aparılması və onları törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə və beynəlxalq hüquqa əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmış, 5 may 2005-ci il tarixdən öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərlik Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, həmin istintaq-əməliyyat qrupunun fəaliyyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılmışdır. Bundan sonra erməni silahlı birləşmələrinin üzvləri tərəfindən müxtəlif illərdə törədilmiş eyni xarakterli cinayət faktları ilə bağlı başlanılmış və cinayət törətmiş şəxslərin və ya onların olduqları yerin müəyyən edilməməsi əsası ilə icraatları dayandırılmış hər bir cinayət işi öyrənilmiş, bir neçə cinayət işinin icraatı təzələnərək vahid bir icraatda birləşdirilmiş və istintaq aparılmışdır. Cinayət işinin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən daha səmərəli və effektiv, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası CM-in, CPM-in tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılmışdır.

İstintaq-əməliyyat qrupunun səmərəli fəaliyyəti nəticəsində təqsirləri qanunvericiliklə müəyyən olunmuş qaydada, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq sübuta yetirilmiş müvafiq şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilmişdir. Hazırda Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti və Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin prosessual rəhbərliyi ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məlum olduğu kimi, bir müddət əvvəl Meşəli soyqırımı epizodu üzrə axtarışda olan şəxslərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç tutularaq istintaqa təhvil verilmişdir. Yeri gəlmişkən, bu yaxınlarda o, məhkəmə qarşısına çıxarılacaqdır.

Konkret olaraq Ballıqaya soyqırımı ilə bağlı onu deyə bilərəm ki, 18 may 1992-ci il tarixdə Laçın rayonu Ermənistan Respublikası tərəfindən işğal edildikdən sonra həmin rayonun sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalmışdılar. Laçın rayon sakinlərinin bir hissəsi də Goranboy rayonunun Ballıqaya kəndinə köçmüşdür. Adıçəkilən ərazidə məskunlaşmış Laçın rayon sakinləri 1992-ci ilin avqust ayında düşmənin silahlı hücumuna məruz qalmış, hücum nəticəsində xeyli insan qətlə yetirilmiş, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Faktla əlaqədar Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai araşdırma aparılmışdır. Bir müddət sonra isə cinayət işi üzrə istintaq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda davam etdirilmişdir.

İbtidai araşdırma zamanı iş üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilmiş, o cümlədən şahidlər və zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri dindirilmiş, müxtəlif ekspertizalar təyin olunmaqla icra edilmiş, əməliyyat tapşırıqları verilmiş, aidiyyəti qurumlara müvafiq sorğular göndərilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilmişdir.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, 28 avqust 1992-ci il tarixdə Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər - dinc sakinlər erməni silahlı dəstəsinin hücumuna məruz qalmış, hücum zamanı səhər saat 05 radələrində 24 nəfər günahsız insan xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edilmiş, 9 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Böyük kədər və təəssüf hisləri ilə vurğulayım ki, qətlə yetirilənlər sırasında qoca, qadın, uşaq və hətta 6 aylıq körpə belə olmuşdur. Hazırda faktla əlaqədar müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir. Əmin ola bilərsiniz ki, xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaqdır.

Firad ƏLİYEV,

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi -Azərbaycan Respublikası

Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri.