"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə ardıcıl tədbirlər keçirilir.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, martın 2-də YAP Zəngilan rayon təşkilatı tərəfindən tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Ulu Öndərin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli Lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimizə qarşı yönəlmiş təhlükələri aradan qaldırdı. N.Quluzadə vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən ümummilli lider Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf edir.
Daha sonra Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP Veteranlar Şurasının üzvü Adilə Abasova və Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, qrossmeystr Zeynəb Məmmədyarova da çıxış ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.
Xaqani KOSAYEV,
“Respublika”.