Xarici media nümayəndələri Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar
Digər xəbərlər

Xarici media nümayəndələri Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş media nümayəndələri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi xarici KİV nümayəndələrini Ermənistan silahlı qüvvələrinin işğal zamanı Ağdam şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izlərilə, həmçinin Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan tikinti-quruculuq işləri ilə tanış etmək olub.

Jurnalistlər əvvəlcə Ağdam rayonunun Sarıcalı kəndinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən media nümayəndələrinə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirilib. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra şəhərdə və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinə gələn media nümayəndələri bu tarixi məkan barədə məlumatlandırılıblar. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçiriləcək bərpa-quruculuq işləri çərçivəsində Xurşidbanu Natəvanın abidəsi bərpa edilib. Pənahəli xanın sarayı və İmarət kompleksində də bərpa işləri həyata keçiriləcək.

Xarici media nümayəndələri sonra Ağdam şəhər Cümə məscidinə gəliblər. Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid "Qarabağ məscid memarlığı" məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Qeyd edilib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə məscidində bərpa-restavrasiya işlərinə başlanılıb.

Xarici jurnalistlər Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.

Jurnalistlər sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Sonda Konfrans Mərkəzi ilə tanış olan media nümayəndələri, həmçinin Ağdamda həyata keçirilən quruculuq işləri barədə də məlumatlandırılıblar. Bildirilib ki, Azərbaycan qısa müddətdə, özü də heç bir xarici maliyyə dəstəyi olmadan ermənilərin viran qoyduğu torpaqlarda cənnət yaradır.