Xatirə bulaq kompleksi
Region

Xatirə bulaq kompleksi

Gəgiran  Lənkəranın ucqar dağ kəndidir. İndi Gəgiran kəndi qəhrəmanlar diyarı kimi tanınır.   Kənddən  Vətən müharibəsində 48 gənc düşmənlə döyüşmüş, onların səkkizi şəhidlik zirvəsinə ucalaraq, əbədiyyət adlı dünyasına qovuşubdur.

Haqq savaşımızda son  nəfəsinədək odun-alovun içində ölümə meydan oxuyan səkkiz igidin biri  18 yaşında canını doğma Azərbaycana qurban verən şəhidi Baloğlan Şakir oğlu Əhədlidir.  Üç bacının bir qardaşı Baloğlanın döyüş yolu Suqovuşanın azadlığı uğrunda  başlayıb. Daha sonra Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən ağır döyüşlərdə  sözün əsl mənasında tarix yazır, bir sıra strateji yüksəkliklərin alınmasında misilsiz fədakarlıq və şücaət göstərib.  Vətənin qəhrəman oğlu Baloğlan 7 noyabrda Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Vətəninə, millətinə şərəf gətirən  şəhid Baloğlan Əhədli ölümündən sonra   “İgidliyə görə”, “Vətən uğrunda”, Qubadlının, Füzulinin, Şuşanın azadlığına görə  medallarla təltif edilib.

Doğma  kəndində Vətən müharibəsi şəhidi Baloğlan Şakir oğlu Əhədlinin xatirəsinə  bulaq  kompleksi ucaldılıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə xatirə kompleksinin açılışını şəhidin atası Şakir Əhədovla birgə etdilər. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə  icra başçısının müavini söylədi ki, şəhidlər öz qanları ilə Azərbaycanın yeni, şanlı tarixini yazdılar.  Məhz buna görə də bu zəfərin müəllifləri  daim qəlblərdə yaşayacaq. Adı qürurla çəkilən  şəhid Baloğlan  Əhədli də belə qəhrəmanlardandır. 44 günlük Qarabağ müharibəsində bütün azərbaycanlılar  ya şəhid, ya qazi olmaq amalı ilə “Dəmir Yumruq” ətrafında birləşib  ortaya qoyulan iradəni zəfərlə başa vurdular.

Övlad itkisinin ağır olduğunu deyən şəhid atası Şakir Əhədov  bildirdi ki,  oğlumun keçdiyi yol qısa, şərəfli oldu. O, ağır məqamlarda  Vətənindən ötrü canından keçməyi bacardı. Mənim  ağrı və acılarıma  bütün xalqım şərik olur. Bir də şəhid ailələri  hər zaman  dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  qayğı və diqqətini görürlər. Ölkədə öz şəhidinə qarşı ehtirama görə hamıya minnətdaram.

Sonra məktəblilərin ifasında qəhrəman Vətən övladlarını vəsf edən şeirlər səsləndi.

Zəfər ORUCOĞLU.