Xatirələrin, ümidlərin Laçını
Siyasət

Xatirələrin, ümidlərin Laçını

28 il sonra həsrət bitdi, Azərbaycan Ordusu dilbər guşəmiz Laçını bir güllə atmadan, bir şəhid vermədən düşmən tapdağından azad etdi. Həmin gün qələbənin adı Laçın oldu. Bu tarixi hadisənin müjdəsini 2020-ci il dekabrın 1-də Prezident İlham Əliyev xalqa müraciətində bildirdi.

2022-ci il avqustun 26-da ordumuz Laçın şəhərinə daxil oldu. Dövlət başçımız rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşımında bunları yazdı: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlılar və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Azad edildiyi gündən şəhərdə abadlıq-quruculuq işlərinə başlanıldı. Xarabalıqda yaşamağı sevən ermənilər 30 il ərzində cənnət guşəmizi viran qoymuşdular. Lakin genişmiqyaslı bərpa və quruculuq işləri ilə şəhər və kəndlərimizdə həyat yenidən canlandı.  "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində intensiv şəkildə işlər həyata keçirilir, keçmiş məcburi  köçkünlərin doğma yurdlarına qayıdışı sürətlə icra olunur. Laçında əhalinin məşğulluğunun təşkili məqsədilə, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələri istifadəyə veriləcək. Burada aparılan tikinti, quruculuq işləri yaxın gələcəkdə rayonun böyük turizm mərkəzinə çevriləcəyindən xəbər verir. Şəhərdə 7 parkın inşasına  qərar verilməsi də  məhz bundan qaynaqlanır. Həkəri çayı ətrafında  inşa ediləcək çimərlik və istirahət  mərkəzi, füsunkar təbiət mənzərələrini seyr etmək üçün qurulan böyük terras heç şübhəsiz bu yerlərin turizm potensialını artıracaq.

Ağalı və Talış kəndlərindən sonra "Böyük Qayıdış" çərçivəsində ötən ilin may ayında Laçına ilk köç baş tutdu. Artıq 1 ildir ki, mərhələli şəkildə həmvətənlərimiz doğma torpaqlarına köçürlər. İlk dəfə ölkə başçımız Laçın şəhərinə qayıdan  əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edərkən doğma yurda həsrət qalan insanların həyəcanı, kövrək duyğuları gözlərindən oxunurdu.

Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. Hər şey çox böyük zövqlə yaradılıb ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Laçın şəhərində 32 ildən sonra ötən il ilk zəng də çalınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan  Laçına yola düşüb. Bu mərhələdə Laçın rayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülüb. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı söyləyib ki, 2026-cı ilin sonuna kimi 12 mindən çox insanı Laçına qaytarmaq niyyətindəyik: "Artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verilib. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb".

İndiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.

Xatırladaq ki, Laçının işğalı dövründə xain düşmən tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və ya məhv edilib. Rayonun 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsi də erməni vandalizminin qurbanı olub. 

Röya RÜSTƏMLİ,

"Respublika".