Yarımçıq qalan həyat hekayələri yenidən yazılır
Sosial həyat

Yarımçıq qalan həyat hekayələri yenidən yazılır

30 il əvvəl mənfur düşmənin yürütdüyü işğal siyasəti nəticəsində, minlərlə azərbaycanlı yurdsuz-yuvasız qaldı. İllərdən bəri yurd yerlərinin  uca dağlarına, səfalı yaylaqlarına həsrət qalan həmyerlilərimiz bir gün oralara geri qayıtmağı səbirsizliklə gözlədi. Nəhayət vaxt gəlib çatdı. Belə ki, 2022-ci il iyulun 19-da xalqımızın çoxdan gözlədiyi tarixi an yaşandı. Böyük Qayıdışın ilk uğurlu addımları atıldı - Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə başlanıldı. İndi yarımçıq qalan həyat hekayələri yenidən yazılır.

Mərhələli şəkildə həyata keçirilən köç prosesi uğurla davam edir. Bu günə qədər Füzuli, Zəngilan, Laçın şəhərləri ilə yanaşı,  Tərtərin Talış kəndinə də köç olub. Qeyd edək ki, köçkünlər könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdırlar.

Füzuli şəhərinə ilk köç isə avqustun 18-də baş tutub, 90 nəfərdən ibarət 23 ailə doğma şəhərinə qayıdıb. Füzuliyə qayıdış Qarabağın tarixində əlamətdar hadisədir. Çünki işğal nəticəsində Füzuli şəhəri tamamilə dağıdılmışdı, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərini azad edən zaman üçrəngli bayrağımızı asmaq üçün salamat yer tapılmamışdı. Amma bu gün Füzuli yenidən qurulur. Gələcəkdə şəhərin əhalisinin 50 min olacağı proqnozlaşdırılır. İndiyədək Füzuli şəhərində 308 ailənin daimi məskunlaşması təmin edilib. Bu günlərdə isə Bakı şəhərindən 15 (48 nəfər), Füzuli rayonundan üç (10 nəfər), İmişli rayonundan iki (altı nəfər), Lənkəran rayonundan iki (beş nəfər), Salyan rayonundan bir (beş nəfər), Sumqayıt şəhərindən bir (dörd nəfər), Beyləqan rayonundan bir (iki nəfər) olmaqla ümumilikdə 25 ailə (80 nəfər) Bakı şəhəri Qaradağ rayonunda yerləşən "Qobu Park-3" yaşayış kompleksindən doğma yurda yola salınıb. Qeyd edək ki, Füzuli, İmişli, Lənkəran və Beyləqan rayonlarında məskunlaşmış daha doqquz ailə (28 nəfər) isə yaşadıqları yerdən rayonun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

İndi Füzuli sakinlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Doğma diyar sanki qollarını açaraq öz sakinlərini gözləyir. Füzuli sakinlərinin arzusu nəhayət ki, çin oldu.

Töhfə SƏMƏDOVA,

"Respublika".