Yaşı qədər problem böyük olan kollec
Region

Yaşı qədər problem böyük olan kollec

Zaqatala Dövlət İdarəetmə Texnologiya Kollecinin inzibati binasının bərbad vəziyyətdə olduğu barədə məlumatım olsa da, ərazisinə daxil olanda əvvəlcə gözlərimə inanmadım. Çünki uzun illər ərzində əsaslı surətdə təmir olunmayan kollecin bütün korpusu təhlükəli və təmirsiz vəziyyətdədi.

Kollecin əsası 1922-ci ildə pansionat tipli Sənət məktəbi kimi qoyulub və həmin ildən fəaliyyətə başlayıb. İlk tələbə buraxılışı 1927-ci ildə olub. 1932-ci ildə Çölçülük və Çəmənçilik Texnikumu kimi fəaliyyət göstərib və 1941-ci ildə İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq bağlanıb. 1949-cu ildə Kənd Təsərrüfatı Texnikumu kimi fəaliyyətini davam etdirib. 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən, texnikumun bazasında kollec yaranıb. Hazırda 350 tələbə kontingenti var. İllik tələbə planı 100 nəfərdir.

Bir neçə korpusdan ibarət olan inzibatı binanın uzun müddət bu təhsil ocağının istifadəsində olmasına baxmayaraq, bir dəfə də olsun əsaslı təmir edilməyib. Hələ də təhlükəli və qəzalı vəziyyətdədir. Elektrik naqilləri 60-70 il əvvəl çəkildiyindən və indiyə qədər yenilənmədiyindən müasir təbəblərə cavab vermir. Bu səbəbdən də, elektrik enerjisi tez-tez kəsilir, işıqlar sönür. Hətta bir neçə dəfə yanğın təhlükəsi yaranıb və qarşısı vaxtında alınıb. 2020-ci ilin fevral ayında isə korpusun birində yanğın hadisəsi baş verib. 1988-ci ildən bu vaxta qədər ancaq cari təmir işləri görülüb, problemin köklü surətdə həlli üçün heç bir iş icra olunmayıb. Binaların dam örtüyü də bərbad vəziyyətdədir. Bölgədə yağıntının mütəmadi olması isə vəziyyəti xeyli çətinləşdirir. Sinif otaqları damır. Kollecin bütün otaqlarını qızdırmaq üçün hələ də odun sobasından istifadə olunur.

Məlumat üçün qeyd edək ki, kollecdə 5 ixtisas üzrə dərs keçirilir. Hər ixtisas üzrə ildə 20 tələbə qəbul olunur. Məzunların hər il orta hesabla 12-15 nəfəri təhsilini müvafiq ali məktəblərdə davam etdirir. Onların əksəriyyəti isə ixtisaslarına uyğun işlərdə çalışırlar. Rabitə, telekommunikasiya sistemləri və xətləri, nəqliyyatda daşınmaların təşkili, aqronomluq və baytarlıq ixtisası üzrə təkmilləşən kollecin region üçün əvəzsiz rolu olsa da, burada normal təhsil üçün heç bir şərait yaradılmayıb. Hətta, tələbələrin və onların valideynlərinin ciddi və haqlı narazılıqlarına da məhəl qoyulmayıb.

Vəziyyətlə yerində ətraflı tanış olmaq üçün təhsil ocağının ərazisini gəzdik və bir əsrdən artıq yaşı olan kollecin ömrü qədər də probleminin olduğunu gördük.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".