Yeni dövrün hədəfləri: tərəqqi və rifah
İqtisadiyyat

Yeni dövrün hədəfləri: tərəqqi və rifah

Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda regional və beynəlxalq mövqelərini daha da möhkəmləndirib, iqtisadi sahədə ciddi irəliləyişlərə, eyni zamanda regionların sürətli inkişafına nail olub, əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verib. Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Regionlara bu səfərlər bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bölgələrə builki səfərləri də bunun əməli ifadəsidir.

Ölkəmizdə sosial-iqtisadi inkişafın, xüsusilə də regionlarda infrastrukturun, yeni istehsal sahələrinin yaradılması əhalinin məşğulluq probleminin daim diqqət mərkəzində olduğunu göstərir. Həm də bu inkişaf yalnız mərkəzdə - paytaxt və onun ətrafında deyil, Azərbaycanın bütün regionlarında müşahidə olunur. Dövlət başçısı İlham Əliyevin Hacıqabul, Qəbələ rayonlarına və Gəncə şəhərinə səfəri də bu reallığın təsdiqidir ki, səkkiz yaşayış məntəqəsini birləşdirən yol, Gəncə İdman Sarayı istifadəyə verilib. Dövlət başçısı Hacıqabul rayonunda "Agro Dairy" MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksinin, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Prezident Qəbələ rayonuna səfəri çərçivəsində isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib. Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su və suvarma layihələri olacaqdır.

Dövlət başçısı 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində yeni dövrün hədəflərini açıqlayarkən bildirdi ki, iqtisadiyyatımız inkişaf etməlidir. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idisə, bu gün 280 manata çatıb. Orta aylıq pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manat təşkil edir. Ötən 20 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yeri yaradılıb.

Ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Bu baxımdan Prezident İlham Əliyevin yanvarın 16-da Lənkərana və Neftçalaya səfərlərini də qeyd edə bilərik. Lənkərana səfəri çərçivəsində "Lenk Fruit" Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub. Ümumi ərazisi 150 hektar olan bağda Türkiyədən gətirilən 141 min sitrus meyvələri, şaftalı və nektarin tingi əkilib.

Dövlət başçısı Lənkəran regional "ASAN xidmət" mərkəzinin də açılışını edib, "Laran" Məhdud Məsuliyyətli Cəmiyyətinin qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub.

Dövlətimizin başçısının qeyd etdiyi kimi: "Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər - ilk növbədə insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda ölkəmizi gücləndirir".

Regionların köklü və keyfiyyətli şəkildə inkişafı, yenidən qurulan infrastruktur ölkəmizin ümumi inkişafına böyük təkan verir. Bölgələrdə qurulan müəssisələr işsizliyin minimuma endirilməsi və yerli əhalinin əkib-becərdiyi məhsulların emalı baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev iş yerlərinin açılmasını daim hədəf kimi qarşıya qoyub. Regionlardakı memarlıq abidələrinə göstərilən diqqət bölgələrin tarixiliyinin qorunub saxlanılmasına, həmçinin yerlərdə turizmin inkişafına böyük töhfə verir. Prezidentin bölgələrə hər bir səfəri regionların inkişafına və insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmişdir. Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır.

Azərbaycan dünyanı həm də işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, strateji infrastruktur obyektlərinin açılışı olur, yenilərinin təməli qoyulur. Artıq ölkəmizdə Böyük Qayıdış Proqramı uğurla icra olunur. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel inşa ediləcək, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Görülən işlərin miqyası olduqca böyükdür.

Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Onun Azərbaycan xalqına bayram təbrikində qeyd etdiyi kimi, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaq və bu torpaqlarda həyat qaynayacaq. Xankəndi şəhərinin mərkəzi meydanına "Zəfər" meydanı adı verilməsi həm ədalətin bərpası, həm də ermənilərə və onun havadarlarına mesajdır ki, biz öz tarixi torpaqlarımızdayıq, ocağımızda tonqalımızı yandırmışıq və əbədi olaraq da bu torpaqlarda yaşayacağıq. Bu torpaqları ancaq biz abad edə bilərik. Bütün xalqımız əmindir ki, ildən-ilə bu torpaqlar daha da gözəlləşəcək, bayram tonqalları daha çox yandırılacaq, şənliklər daha tez-tez keçiriləcək. Azərbaycan xalqı bu torpaqların sahibi olaraq azad və firavan yaşayacaq.

Dövlət başçısının işğaldan azad olunmuş bölgələrimizə ardıcıl səfərləri bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil edir. Bu fonda regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Bütün bunlar belə deməyə əsas verir ki, ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, infrastrukturun yaradılması və Böyük Qayıdış Proqramının reallaşdırılması kimi mühüm çağırışlar dayanır.

Mustafa KAMAL,

"Respublika".