Yeni əməkdaşlıq formatı yaradılan zirvə görüşü
Türk dünyası

Yeni əməkdaşlıq formatı yaradılan zirvə görüşü

3 oktyabr 2009-cu il tarixi türk dünyası üçün xüsusi əhəmiyyətə malikdir. Çünki məhz 14 il öncə bu gün Naxçıvan şəhərində türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirilib.

Bu zirvə görüşləri 1992-ci ildə Ankarada, 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib. 2009-cu ildə Naxçıvanda baş tutan toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini imzalayıblar. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçalayıb. Məhz Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi güclənib. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi böyük rəmzi əhəmiyyət daşıyır. Ona görə də, 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunur.

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqində, maddi-mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlıq genişlənir. 2019-cu ildə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası Bakıda keçirilib. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Türk Şurasının formalaşmasında böyük xidmətləri olan Azərbaycanın da bu birlikdəki fəallığı yüksək dəyərləndirilir. 2021-ci ildə Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması bu fədakarlığa verilən dəyərin göstəricisidir. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda yazılan "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir" sözləri eyni zamanda İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycanın Zəfərinə qardaş dövlətlərin sevinc, həmrəylik payıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan Xarıbülbül türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb" sözlərində bütünlükdə türkdilli xalqların Azərbaycana olan hörmət və etimadı əks olunub.

Türkdilli ölkələr bir-birinin sevincinə də, qəminə də şərik olmağı yaxşı bacarır. Bu məqamda, Türkiyədəki zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi barədə təklifini xatırlamaq lazımdır. Martın 16-da Ankarada baş tutan Fövqəladə Zirvə görüşünün yekunu kimi Ankara Bəyannaməsi qəbul olundu, mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalandı. "Türk dünyasına baxış: 2040" sənədinə uyğun olaraq TDT regionda və dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyi ilə bağlı vəzifələr müəyyənləşdirdi. Bəyannamədə türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi və sosial-mədəni tərəqqi yüksək qiymətləndirildi. Regional və beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanlar diqqətə çatdırıldı. Fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, dağıntılara məruz qalmış bölgələrin bərpası və yenidən qurulması prosesində Türkiyəyə dəstəyin davam etdiriləcəyi bildirildi. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin, Özbəkistanın dövlət başçılarının imzaladıqları Bəyannamədə nəzərdə tutulan vəzifələrin birgə icrası üçün əlaqələndirmə istiqamətləri təsdiqləndi.

Ümumiyyətlə, türk dünyası qlobal güc olmaq yolunda sürətlə irəliləyir. Bu prosesdə Türkiyə və Azərbaycan başda olmaqla digər türk dövlətlərinin də rolu böyükdür. Bakı və Ankaranın əlaqələrini bütün sahələrdə yüksək səviyyəyə çatdırması digər dövlətlər üçün də yol xəritəsi rolunu oynayır, yeni dəyərlər sistemi formalaşdırır. Bu da yaxın gələcəkdə türk dövlətlərinin hərbi-siyasi əməkdaşlığının müttəfiqlik səviyyəsinə çatmasını qaçılmaz edir.

Yekunda türk ölkələrinin birliyinin bu səviyyəyə çatmasının tarixi proseslərin nəticəsi olduğunu qeyd etmək lazımdır. Çünki hələ 1988-ci ildə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada "31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü" haqqında qərar qəbul olunmuş, Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayı təşkil olunmuş, Azərbaycan və türk diaspor təşkilatlarının I Forumu keçirilmiş və Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılmışdı. Bunlar türk dünyasının yaxınlaşması üçün atılan mühüm addımlar idi. Türk birliyinə Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri Mustafa Kamal Atatürkün də inamı böyük idi: "Türk Birliyinin bir gün gerçəkləşəcəyinə inanıram. Görməsəm də, bu xəyalla dünyaya gözlərimi bağlayacağam. Gələcəyin tarixi Türk Birliyi ilə yazılacaq və dünya öz dincliyini bu birlikdə tapacaq. Türklüyün varlığı bu köhnəlmiş dünyaya yeni üfüqlər açacaq. O zaman hər kəs günəşin və üfüqün nə demək olduğunu görəcək".

Jalə QASIMZADƏ,

"Respublika".