Yeni növrağın mübarək, Zabux!
Sosial həyat

Yeni növrağın mübarək, Zabux!

Vətən müharibəsindən sonra qalib ölkə kimi Azərbaycanın qarşısında duran prioritet məsələ işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri idi. Yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi, Qarabağ və Şərqi Zəngəzurun əvvəlki görkəminə qaytarılması istiqamətində işlərə başlanıldı. Qələbədən ötən üç ilə yaxın müddət ərzində bölgə, sözün əsl mənasında, cənnətə çevrilir. Dövlətimiz öz gücü, iqtisadi potensialı sayəsində xarabazara çevrilmiş kəndləri, şəhərləri yenidən tikir.

Yeni üslubda, yeni görkəmdə yurd yerləri salınır. Nəticələr sevindirici, ürəkaçan olduğu kimi, tikilib istifadəyə verilən yurd yerlərinin sakinləri də bir o qədər sevinclidirlər. Axı onlar 30 il ata-baba torpaqlarına qovuşacaqları günü səbirsizliklə gözləyiblər. Artıq o gün yetişib. Böyük Qayıdış planına uyğun tikilib bərpa edilən kəndlər, şəhərlər öz doğma sakinlərini qoynuna alır. Həsrətə, hicrana son qoyulur. İnsanlar sevinir, torpağın üzü gülür. Yeni ünvanların, yaşayış massivlərinin təməli qoyulur. Qədim, köhnə məhəllələr yeni üslubda inşa edilir. Ötən ildən başlayaraq köçürülmə prosesi həyata keçirilir. Ağalı, Talış kəndlərində və Laçında həyat öz axarında davam edir. İnsanlar öz evlərində, ellərində yaşayırlar. Daha bundan sonra ölkədə nə məcburi köçkün, nə də köçkün şəhərciyi olacaq. Tədricən hər şey öz əvvəlki növrağına, ab-havasına qayıdacaq.

Yaşayış yerlərinin inşası ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr də həyata keçirilir. Görülən işlərin miqyası olduqca böyükdür. Regionda beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri, sosial-iqtisadi infrastrukturların yaradılması Azərbaycan dövlətinin iqtisadi gücündən xəbər verir. Bütün bunlar isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə səbəb olacaq. Eyni zamanda, ərazi yüksək inkişaf etmiş regiona çevriləcək. Ağdam, Füzuli, Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı, Tərtər rayonlarında işlər uğurla aparılır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı olub. Avtomobil və dəmir yolu infrastrukturunun qurulması, Zəngəzur dəhlizinin yaradılması istiqamətində ciddi işlər gedir. İşğaldan azad edilmiş ərazilərdə 11 su elektrik stansiyası inşa edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Görülən işlərin nəticəsində 2026-cı ilə kimi 34 min 500 ailənin doğma yurduna köçürülməsi nəzərdə tutulur.

Laçın rayonuna sakinlərin köçürülməsi prosesi uğurla həyata keçirilir. İlkin mərhələdə, cəmi 7-8 ay ərzində şəhərin böyük bir hissəsi tamamilə yenidən qurulub, 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Birinci mərhələ üçün Laçında 4 minə yaxın insan yaşayacaq. Onu da qeyd edək ki, bu günlərdə işğaldan azad edilmiş daha bir ərazimizə köç karvanı yol alacaq. Bu ünvan Laçın rayonunun Zabux kəndidir. Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 20 ailə (88 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü isə beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

İşğal dövründə ermənilər özlərini inandırmağa çalışırdılar ki, Qarabağ onlarındır. Elə bu səbəbdən də, xaricdə yaşayan tör-töküntülərini Qarabağ ərazisinə yerləşdirirdilər. Belə qanunsuz məskunlaşma aparılan ərazilərdən biri də Laçın rayonunun Sus və Zabux kəndləri idi. Kəndə Suriya və Livandan köçürülən erməniləri yerləşdirilmişdir. 2006-cı ilin statistikasına görə, kənd əhalisinin sayı 570 nəfər təşkil edib. Qələbədən sonra həmin tör-töküntü hayları ərazidən zorla çıxarıldıqdan sonra Azərbaycan dövləti hər iki kəndin yenidən qurulması və bərpası istiqamətində işləri uğurla aparır. Qeyd etdiyimiz kimi, yaxın günlərdə ilk olaraq Zabux kəndinə köç başlayacaq.

Laçın rayonunun Zabux kəndi Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib. Tarixə nəzər salanda görürük ki, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılar olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq olub. Zabux kəndi həm də strateji baxımdan çox əhəmiyyətlidir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 44 günlük Vətən müharibəsindən sonra Ordumuz ötən il avqustun 26-da Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil oldu. Sentyabr ayının 21-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltdı.

İndi yeni modern üslubda Zabux kəndi yaradılıb. Aparılan işlər birbaşa dövlət başçısının nəzarəti altındadır. Bu il may ayının 27-də Prezident İlham Əliyev Zabuxa səfər edərək kənddə aparılan tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanmışdı. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilmişdir. Kənddə, həmçinin 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib. Evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə ediləcək. Bəli, yaxın günlərdə dağlar qoynunda, cənnətin bir guşəsinə çevrilən Zabux kəndində də işıqlarımız gur yanacaq. Qayıdışın mübarək, Zabux!

Ramidə YAQUBQIZI,

"Respublika".