Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anadan olmasının 39-cu ildönümünə həsr olunmuş tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ziyarətçilər şəhər parkının giriş hissəsində yerləşən monitorda Vidadi Xəlilova həsr olunmuş qısa videoçarxı izlədikdən sonra Şəhidlər xiyabanına gələrək şəhidin məzarı önünə gül-çiçək dəstələri düzüb, əklillər qoyublar.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə şəhid Vidadi Xəlilovun qısa və mənalı ömür yolundan danışıb. Dövlətimiz tərəfindən şəhid polkovnik-leytenanta verilən təltiflərdən, qayğı və diqqətdən söz açılıb. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu Ermənistanın 30 il ərzində yaratdıqları qüvvələrini 44 günə darmadağın etdi və məğlub olduğunu etiraf edən düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Bu, Azərbaycan hərb tarixinin ən parlaq, ən şanlı səhifəsi idi.
Tədbirdə çıxış edənlər — polkovnik-leytenant Vidadi Xəlilovun döyüş yoldaşları, Qafqaz Müsəlmanları İdarəsi Regional Şöbəsinin sədri Rəsul Kazımov, şair Elşən Xəzər, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay rayonu üzrə nümayəndəliyinin direktoru Coşqun İsmayılov və başqaları şəhid Vidadi Xəlilovun Azərbaycanın dövlət sərhədinin bərpa edilməsində, döyüş əməliyyatları zamanı nümayiş etdirdiyi mərdlik və igidlikdən söz açdılar.
Şəhidin anası Əminə Xəlilova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır.
Maarif RZAYEV,
“Respublika”.