Yenilməzlik rəmzi
Digər xəbərlər

Yenilməzlik rəmzi

9 noyabr Dövlət Bayrağı Günüdür

"Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...".

Heydər ƏLİYEV,

ümummilli lider.

Azərbaycan Bayrağı hər bir vətəndaşın fəxri, iftixarı və qüruru olmaqla yanaşı, dövlətimizin əsas atributu, müstəqilliyimizin, istiqlaliyyətimizin rəmzidir.  

  2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının  Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. 23 aydan sonra Azərbaycan  Xalq  Cümhuriyyəti süquta uğrasa da, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadıldı. Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

1991-ci  il  fevralın 5-də  Azərbaycan  Respublikasının Ali Soveti tərəfindən bayraq dövlət rəmzi kimi təsdiq edildi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.

Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. 

2020-ci il sentyabrın 27-də başlanan və xalqımıza şanlı Zəfər bəxş edən İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Rəşadətli Azərbaycan  Ordusu  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz erməni işğalından azad edildi və bu gün üçrəngli bayrağımız doğma torpaqlarımızda qürurla dalğalanır.

2020-ci  ilin noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni verdi: “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır”. Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtulması Bayraq Günü ərəfəsinə təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı və 2020-ci ilin 8 Noyabr Günü Azərbaycan tarixinə əbədi həkk olundu.

Dövlət bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyimizi təcəssüm etdirir. BMT-nin Nyu-Yorkdakı iqamətgahının qarşısında dünyanın 190-dan artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır.

Azərbaycan Respublikası bu gün üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir. Milli kimliyimizin rəmzi hesab olunan üçrəngli ay-ulduzlu bayrağımız kiçikdən-böyüyə hər birimizə fəxarət, qürur hissi yaşadır.

M.MİRZƏ,

“Respublika”.