“Biz Qarabağı heç vaxt tərk etməyəcəyik
Digər xəbərlər

“Biz Qarabağı heç vaxt tərk etməyəcəyik" deyən erməni keşiş də getdi.

Erməni əsilli sakinlərin Qarabağ ərazisini tərketmə halları son günlər daha da aktivləşibDemək olar ki, hər gün Laçın sərhəd-buraxılış məntəqəsindən onlarla erməni, əsasən də gənc ermənilər bölgəni tərk edir. İrəvana üz tutan ermənilər dediklərinə görə, Qarabağ sakinləri olsalar da bir daha geri dönmək haqqında düşünmürlər. Gəldikləri kimi də gedirlər. Çünki onlar Qarabağla onları bağlayacaq heç bir bağın olmadığını bilirlər. Haqq nazilər, amma üzülməz deyib atalar. 30 il qabaq Qarabağda yaşayan soydaşlarımızı öz yurdlarından didərgin salan ermənilər bilməli idilər ki, bir gün gələcək tapdaladıqları haqlar öz yerini alacaq.

Didərgin saldıqları insanlar üzülməyən haqlarının, ümidlərinin arxası ilə doğma yurd-yuvalarına qayıdacaqlar. Tarix sübut etdi ki, həqiqətən də erməni haqsızlığı dolanıb, dolaşıb nəhayətdə öz qismətlərinə yazıldı. Bir zamanlar arxalandıqları himayədarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal edərək, "bura bizim torpaqdır və heç vaxt da öz torpağımızdan getməyəcəyik" deyən haylar bu gün səssizcə aid olduqları yerlərə qayıdırlar. Qarabağda öz fəallığı ilə seçilən, separatçı qüvvələrə dəstək verən, qeyri-qanuni erməni silahlı dəstələrin tərkibində Azərbaycana silah çevirən ermənilər üzü Ermənistana sarı kütləvi şəkildə qayıdırlar. Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana üz tutanlar, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Görünür, həm onlar, həm də arxalarında duran qüvvələr artıq anlayıblar ki, bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etməyin ən doğru seçim olduğu qənaətinə gəliblər.

Bəli, artıq məlum, oxşar ssenarilər baş tutmadı. Yalanlar, iftiralar, xain, xəbis planlar puç oldu. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi onun ərazisində bütün separatçı niyyətləri alt-üst etdi. Qarabağda Azərbaycana qarşı silahlı hücumlar etməyə cəhd edən insanlar bu gün hərbi formalarını mülki geyimlərlə əvəzləyərək çıxıb gedirlər. Görünür, Ermənistan dövlətindən fərqli olaraq Qarabağın erməni əsilli vətəndaşları daha məntiqli düşünürlər. Onlar üçün qarşıda iki yol var: Azərbaycan qanunlarını qəbul edib Qarabağda yaşamaq və yaxud da bölgəni tərk edib, İrəvana üz tutmaq. Bildiyimiz kimi, Qarabağı tərk edən ermənilər əsasən gənclər və yaxud da orta yaş həddində olan insanlardır. Özləri etiraf etməsələr də məlumdur ki, bu insanlar istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı vuruşmuş döyüşçülərdi. Əlbəttə ki, dövlətimiz Qarabağda silahlı dəstələrin tərkibində döyüşən separatçı qüvvələrin hər bir üzvü haqqında məlumatlıdır. Azərbaycanlılara qarşı xüsusi amansızlıq göstərən, müharibə cinayətləri törədənlər hərbi cinayətkar kimi beynəlxalq axtarışa verilib. O üzdən də gedən ermənilərin Qarabağda qalıb yaşamaq şansları olmayacaq.

Onu da qeyd edək ki, bir vaxtlar qanunsuz erməni silahlı dəstələrinin tərkibində erməni keşişləri də döyüşürdülər. Belə keşişlərdən biri Əsgəran rayonunda olan erməni kilsəsinin keşişi Mesrob Mkrtçyan idi. Sentyabrın 16-da Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlər arasında Mesrob Mkrtçyan da var idi. O, ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayanıb. Keşiş Mkrtçyan əvvəllər separatçılarla birgə "biz Qarabağı heç vaxt tərk etməyəcəyik" deyərək sinəsinə döyənlərdən idi. Bütün dinlərin əsasında sülh dayanır və adətən din xadimləri toqquşmaların, münaqişələrin qarşısının alınmasında böyük rol oynayırlar. Erməni keşişləri isə bunun əksini edir, insanları döyüşməyə səsləyir. Hətta bütün ermənilərin katolikosu II Qaregin erməniləri müharibəyə sövq edir. Lakin son zamanlar heç də proseslər nə Qareginin, nə də keşişlərin düşündüyü kimi cərəyan etmir. Kütləvi şəkildə Qarabağı tərk edən ermənilər müxtəlif bəhanələrlə - kimi müalicə üçün, kimi də tələbə olduğunu bildirərək Ermənistana gedirlər. Əslində isə bunların heç biri həqiqəti əks etdirmir. Həmin ermənilər keçmiş döyüşçülərdir ki, bu gün onları gözləyən aqibəti bildikləri üçün bölgəni tərk edirlər. Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, Qarabağı tərk edən ermənilər arasında qadınlar, uşaqlar azlıq təşkil edir, bölgəni tərk edənlər keçmiş silahlı dəstələrin üzvləridir.

Ramidə YAQUBQIZI,

"Respublika".