Yüksək mədəniyyət, xoş ünsiyyət, sadəlik
Mədəniyyət

Yüksək mədəniyyət, xoş ünsiyyət, sadəlik

Nərgiz Paşayeva özünü məhz bu keyfiyyətlərlə sevdirə bilmişdir

Qazandığımız uğurlarda, əldə etdiyimiz nailiyyətlərin əsasında gərgin əmək, böyük zəhmət dayanır. Məqsədimizə, arzularımıza doğru gedən yolda bizə dəstək olan, hər ayağımız büdrəyəndə bizi ayaqda saxlayan valideynlərimizlə yanaşı, yolumuzu aydınladan müəllimlərimizin əməyi danılmazdır. İstər orta məktəbdə, istərsə də tələbəlik illərində dərs aldığımız müəllimlərimizə hörmətimiz sonsuzdur.

Yalnız yaxşı pedaqoq kimi deyil, eyni zamanda xoş ünsiyyəti, nəzakəti ilə tələbələrinin hörmətini qazanan bir müəllim haqqında yazmaq nə qədər xoş olsa da, bir o qədər də məsuliyyətlidir. Universitetin jurnalistika fakültəsinin sonuncu kursunda idik. Bir gün auditoriyaya incə, zərif bir xanım daxil oldu. Elə ilk andaca hamımızda çaşqınlıq yarandı,  lakin onun kürsüyə doğru getdiyini görəndə tələbə yoldaşımız deyil, müəllimimiz olduğunu anladıq. Zahirən tələbələrindən heç də fərqlənməyən, gənc olmasına baxmayaraq, elə ilk gündən auditoriyanı ələ almağı bacaran Nərgiz xanım yüksək mədəniyyəti, xoş ünsiyyəti, əsl Azərbaycan qadınına xas sadəliyi ilə yanaşı, həm də dərin biliyi, geniş dünyagörüşü ilə qısa müddət ərzində sevimli müəllimlərimizdən biri oldu.

Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva 1962-ci il dekabr ayının 13-də Bakıda akademik Arif Paşayevlə görkəmli şərqşünas-alim Aida İmanquliyevanın ailəsində dünyaya göz açmışdır. 1983-cü ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, aspiranturaya daxil olmuş və 1987-ci ildə "Sabir novatorluğu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən Bakı Dövlət Universitetinin filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki" adlı doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə, 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür.

2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunan Nərgiz Paşayevanın universitetin Azərbaycanın ən yaxşı ali məktəblərindən birinə çevrilməsində əvəzsiz xidmətləri var. 2008-ci ildə üç: tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayan universitetdə sonradan psixologiya, iqtisadiyyat və fizika fakültələri də açılıb.

2012-ci ildə ilk azərbaycanlı qadın kimi Böyük Britaniyanın İcmalar Palatasının məşhur "Çörçill" zalında məruzə ilə çıxış edən Nərgiz Paşayeva bir il sonra Oksford Universitetində keçirilən elmi seminarda "Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi" mövzusunda məruzə etmişdir. Həmin il oktyabrın 28-də isə universitetdə Azərbaycanın, Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin öyrənilməsinə xidmət edən mühüm bir sənəd - Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanmışdır. MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr zamanı Azərbaycan ədəbiyyatı, tarixi və dili haqda demək olar heç bir məlumat, araşdırma, tədris vəsaitlərinin olmadığı, fənlərin tədris edilmədiyi Oksford Universitetinin nəzdində Elmi Mərkəzin açılmasını və Mərkəzə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsini təklif etmişdir. Azərbaycan tarixini, dilini, ədəbiyyatını təbliğ etmək məqsədilə yaradılan Mərkəz barədə Nərgiz Paşayeva demişdir: "Məqsədimiz Azərbaycan elminin təkcə öz dar məkanından deyil, dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır. Beləliklə, biz dünya elmi məkanının bir hissəsinə çevrilmək imkanını qazanmış oluruq... Bu mərkəzin dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar coğrafi, etnik mülahizəyə sığan fiqur deyil, böyük Şərqin böyük mütəfəkkiridir. Bununla bərabər, o, dünya mədəniyyətinin görkəmli nümayəndəsidir. Nizaminin Azərbaycan alimləri tərəfindən işlənmiş yetərli qiymətli əsərləri Oksfordda tədricən yayılmalıdır. Ümumiyyətlə, Azərbaycan nizamişünaslığı dünyada öz ədalətli yerini tuta biləcək potensiala malikdir. Bu işlərin hamısı bizə bağlıdır, müştərək fəaliyyətimizin əsas qayəsidir".

Dünyanın ali məktəbləri sırasında ilk yerlərdə olan Oksford Universiteti kimi məşhur elm və təhsil ocağında Elmi Mərkəzin açılışından sonra sistemli şəkildə Azərbaycanın elmi problemlərin həllinə başlanılmasında, elm adamlarının əsərlərinin ingilis, fransız, alman dillərində çap olunmasında Nərgiz Paşayevanın böyük əməyi olmuşdur. Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə açılan Mərkəz Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği sahəsində ən möhtəşəm addım olmaqla yanaşı, ölkəmizin, eləcə də Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin, bu gün Azərbaycan ərazisində mövcud olan qədim mədəniyyətlərin, dillərin öyrənilməsi və Qərbin elmi-akademik dairələrinə tanıdılması məqsədilə Oksford Universitetinin bir hissəsi olaraq yaradılan ilk akademik elmi-tədqiqat mərkəzidir.

Peşəsində əsl professional olmaq üçün bütün karyera pillələrini keçən Nərgiz Paşayeva yüzlərlə tələbəsi olan ali məktəbə rəhbərlik edir. Pedaqoji təcrübəyə əsaslanan fəaliyyətində universitet böyük nüfuz qazanmış, gənc nəslin arzusunda olduğu ali təhsil müəssisəsinə çevrilmişdir. Yüksək səviyyəli tədris prosesi, kadrların seçilməsi sistemi, müasir logistika infrastrukturu və avadanlıq təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Bu gün MDU böyük ənənələrə malik, dünyanın nüfuzlu təhsil müəssisələrindən biri, Rusiyanın aparıcı təhsil ocağıdır. Azərbaycan elminin inkişafına mühüm təkan verən universitetin açılış mərasimində çıxış edən Nərgiz Paşayeva demişdir: "Bugünkü pedaqoq müasir həyata düzgün istiqamətlənməlidir. O, öz yetirməsinə, tələbəsinə düzgün məsləhətlər verməyi bacarmalıdır. Həmin gənc gələcəkdə müasir, hər gün dəyişən mürəkkəb cəmiyyətdə və dünyada özünə düzgün yol seçməlidir... Çox istərdik vurğulayaq ki, burada təkcə tələbə hazırlamağa deyil, həm də böyük elmə həvəs göstərəcək, böyük elmdə qalacaq və bu istiqamətdə özlüyündə çox zəngin olan Azərbaycanımızın gələcəkdə də elmi ictimaiyyətini və elm tarixini şöhrətləndirəcək alimlər yetişdirməyə çalışırıq". Bütün bunlar bir daha ali məktəbi bitirdikdən sonra əvvəlcə assistent, sonra müəllim, daha sonra isə baş müəllim kimi fəaliyyət göstərən, 26 yaşında artıq elmlər namizədi, ardınca dosent, kafedra professoru, prorektor və nəhayət, rektor olan Nərgiz Paşayevanın Azərbaycan elminə verdiyi dəyərin göstəricisidir.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, "Azərbaycan Mədəniyyətinin Dostları" xeyriyyə fondunun idarə heyətinin üzvü, "ÜNS" bədii yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva "Qarabağnamə" və görkəmli bəstəkar, xalq artisti, professor F.Əlizadənin "İntizar" operasının librettosunun müəllifidir. Onun təşəbbüsü ilə "Molla Nəsrəddin" jurnalı yenidən çap olunmuş, "Səməd Vurğunun xatirələri" kitabı, "Azərbaycan xalq çalğı alətləri" kataloqu hazırlanmış və nəşr olunmuşdur.

Azərbaycan elminin və təhsilin inkişafında böyük xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş və 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə akademik Nərgiz Arif qızı Paşayeva "Şərəf" ordeni ilə təltif edilmişdir.

Mehparə ƏLİYEVA,

"Respublika".