Detektiv janrında tanınmış romanlar müəllifi
Mədəniyyət

Detektiv janrında tanınmış romanlar müəllifi

Ölkəmizin dünya ədəbiyyatına verdiyi sənətkarların hər birinin  özünəməxsus ədəbi məktəbi, orijinal yaradıcılıq yolu olub. Bu sözləri siyasi detektiv janrında gözəl romanların müəllifi, Xalq yazıçısı Çingiz Abdullayev haqqında da deməliyik. Öz yazı üslubu ilə müasir həmkarlarından fərqlənən yazıçı hətta yeni siyasi detektiv janrının yaradıcılarından hesab olunur.

Dünyaşöhrətli detektiv yazıçısı 1959-cu il aprelin 7-də Bakı şəhərində anadan olub, 189 saylı şəhər məktəbini bitirib, 1976-cı ildə ADU-nun Hüquq fakültəsində təhsil alıb. Çingiz Abdullayev əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. Ədəbi fəaliyyətə hələ tələbəlik illərindən başlayan nasir 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazan Ç.Abdullayev ingilis və italyan dillərində də sərbəst danışır və onun əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunur. Elə buna görədir ki, 27 milyon nüsxədə olan 600-dən çox kitabı bütün dünyada yayılıb. Bu səbəbdən deyə bilərik ki, postsovet və Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biri Çingiz Abdullayevdir. Hər ay əsərləri sərhədləri aşaraq geniş oxucu kütləsinin qəlbinə yol tapan yazıçı ilə bütün xalqımız fəxr edir.

Ədəbiyyatda belə bir yazılmamış qanun var - hər bir yazıçı yaratdığı əsərlərin sayı və keyfiyyətindən asılı olmayaraq çox vaxt adı yalnız bir əsərinə görə tarixə yazılır. XX əsrin sonlarına qədər Çingiz Abdullayevin adı çəkiləndə də ilk növbədə məşhur "Mavi mələklər" əsəri yada düşür. Buraxılış tarixinə və tirajının sayına nəzər salanda görürük ki, yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatı sahəsində inqilabi sıçrayış edib.

Ç.Abdullayev çıxışlarının birində deyib ki, Dante XIII əsrdə "İlahi komediya"nı, Balzak XIX əsrdə "Bəşəri komediya"sını, Con Coysun XX əsrdə "Müasir komediya"nı yazdı, mən isə XXI əsrdə "Kriminal komediya"nı yazdım. Çingiz müəllim, eyni zamanda  belə deyir: "Mən inanıram ki, öz kitablarımla insanlara kömək edirəm. Bu, doğrudan belədir, bu yazıçının missiyasıdır. Kitab insanları tərbiyə etməlidir, doğru yola aparmalıdır. Dünyada Allahın və İblisin yolu var. Mən insanları inandırıram ki, siz Allahın tərəfində vuruşmalısınız. Yazıçı kömək etməlidir ki, insan Allahı seçsin, İblisi yox".

Detektiv janrda yazdığı ilk vaxtlarda iradlarla üzləşən yazıçı yenə də istəyindən dönməyib və nə vaxtsa bu janrla dünyada tanınacağına inanıb. "Mavi mələklər", "Yaramazların qanunu", "Yaxşısı müqəddəs olmaqdır", "Cəlladın kölgəsi", "Qanın üç rəngi" romanları dünya dedektiv ədəbiyyatının qızıl fonduna daxildir. Yazıçının qəhrəmanları haqqında əfsanələr yaradılan və parodiyalar yazılan ümumiləşdirilmiş şəxslərdir. Onun romanlarını "intellektual detektiv" adlandırırlar.

Yazıçı özü də etiraf edir ki,  kitablarının demək olar ki, hamısı həqiqi həyat hadisələri  əsasında yaranıb. Hətta onun əsərləri əsasında səkkiz film də çəkilib. Çingiz Abdullayev çoxlu sayda ədəbi mükafatlara, o cümlədən on bir beynəlxalq medala layiq görülüb. 2009-cu il  aprelin 7-də 50 yaşının tamam olması münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə  məhz ədəbi həyatda fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunub.

Qeyd edək ki, Ç.Abdullayev 2014-cü il noyabr ayından İnterpolun fəxri səfiri və  30 mart 2015-ci ildən isə "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Röya RÜSTƏMLİ,

"Respublika".