Yuxarı Şirvan kanalında təmir-bərpa və lildən təmizləmə işləri görülür
Region

Yuxarı Şirvan kanalında təmir-bərpa və lildən təmizləmə işləri görülür

Bu ilin 8 ayı ərzində Mingəçevir Su Anbarından Yuxarı Şirvan kanalına 910 mln/m3 su axıdılıb və rayonlara ayrıcılarda 728 mln/m3 su verilib.

"Respublika" xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib. O qeyd edib ki, Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən hazırda Kürdəmir və Göyçay rayonları ərazisində təmir-bərpa, kanalın Ağdaş rayonu ərazisindən keçən hissəsində isə lildən təmizləmə işləri davam edir. Bundan başqa, kanalda idarənin öz gücü ilə 24,5 kilometr, dağətəyi kanalda isə 6583 metr məsafə lildən təmizlənib, balansda olan 7 hidrotexniki qurğu cari təmir edilib. Çay məcralarında isə 88 min m3 həcmdə məcra tənzimləmə işləri həyata keçirilib.

Kanal su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 130 min hektar torpaq sahələrinin suvarılmasına xidmət edir. Kanalın fəaliyyətini daim təmin etmək üçün Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən təxirəsalınmaz işlər görülür. Belə ki, sel suları nəticəsində yuyulan qurğular yenidən təmir olunaraq istismara verilir.

Onun sözlərinə görə, Yuxarı Şirvan Kanalı üzərində Əliciançay, Türyançay, Göyçayçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla kəsişdiyi yerlərdə mürəkkəb konsturuksiyalı 6 düker və 2 akveduk tikilib. Ümumiyyətlə, kanal üzərində sadə və mürəkkəb konstruksiyalı 129 qurğu inşa edilib. İş rejiminin normal təmin edilməsi üçün idarə tərəfindən istismar tədbirlərinə uyğun olaraq hazırda kanalın Göyçay rayonundan keçən hissəsində bərpa işləri görülür.

Qeyd edək ki, 1958-ci ildən istifadəyə verilən və maksimum su sərfi 78 m3/san. olan Yuxarı Şirvan Kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. Uzunluğu 122 kilometr olan kanal Mənbəyini Mingəçevir su anbarından götürür. Kanalın istismara verilməsi Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təmin olunmasına şərait yaradır.