Turşsu olsun yaylağımız
Region

Turşsu olsun yaylağımız

Bir vaxtlar may ayı başlayandan payızın ortalarına kimi Şuşadakı, Kəlbəcərdəki, qədim Vəng kəndi yaxınlığındakı Koladəydəki və respublikamızın digər guşələrində olan Turşsu bulaqlarının başına el yığılardı, çal-çağır başlanardı, qız-gəlinlər xəstə, qoca qohum-əqrəbaları üçün bulağın gözündən su götürərdilər, bir-birindən maraqlı məclislər qurulardı. Uşaqların şaqraq səsi dağların zirvəsinə qədər ucalardı. Belə xoşbəxt günlərin üzərinə erməni taunu çökdü, sığındıqları torpaqlara qarşı xəyanət etdilər, duz-çörək kəsdikləri azərbaycanlılara güllə atdılar, onları qətlə yetirdilər.

Dünyanın ən əcaib məxluqu olan haylar su içdikləri bulağın gözünü kor qoydular, kölgəsində dincəldikləri ağacları kəsdilər, balıq tutduqları çayları zəhərlədilər. Otuz ilə yaxın Qarabağda xam xəyalların ilğımında yaşayan separatçı ermənilər ağalarına arxayın oldular. Düşünə bilmədilər ki, xəyanət etdikləri, qəflətən kürəyinə bıçaq sancdıqları azərbaycanlılar mütləq geri qayıdacaqlar, torpaqlarını işğalçılardan təmizləyəcəklər. Qarabağda qəddar erməni xislətinin izlərinin dəfələrlə şahidi olmuşam, azərbaycanlıların ikimərtəbəli, yaraşıqlı evlərini sökərək satan hayların özləri tövlədən də pis yerlərdə yaşayıblar. Bütün yaşayış məntəqələrini viran ediblər, daş üstə daş qalmayıb, bayquş kimi xarabalıqda süləniblər. Vaxtilə axar-baxarlı, yaraşıqlı evləri ilə qonaqlarına qucaq açan Şuşa rayonunun Turşsu qəsəbəsi də erməni vandallığının qurbanı olub. Şovinist ermənilər burada heç nəyə aman verməyiblər, dağıdıblar, yandırıblar.

Turşsu qəsəbəsi Zarıslı çayın yatağında, Şuşa şəhərindən 17 kilometr məsafədə, Şuşa-Laçın yolunun kənarında yerləşir. İşğaldan əvvəl Şuşa rayonunda azərbaycanlıların ən sıx yaşadığı ikinci yaşayış məntəqəsi olub. Qəsəbə 1992-ci il mayın 15-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1989-cu ildə aparılan siyahıyaalmaya əsasən, qəsəbədə 755 nəfər yaşayıb. Burada fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziyaötürücü qurğu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və digər xidmət sahələri fəaliyyət göstərib. Əhali əsasən kənd təsərrüfatı və heyvandarlıqla öz güzəranlarını qurub. Turşsu 1972-ci ilədək Şuşa rayonunun Lisoqorsk (Keçəldağ) sovxozunun tərkibində olub. Sonradan burada mövcud olan mineral su bulaqlarına görə Tuşsu adlandırılıb. Birinci Qarabağ müharibəsində erməni silahlı dəstələri kəndə bir neçə dəfə hücum etsələr də ciddi müqavimətlə üzləşiblər. Hər tərəfdən mühasirəyə düşən dinc əhali doğma yurd yerlərini tərk edib. Ötən il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror əməliyyatları zamanı Turşsu işğalçılardan təmizlənib. Dekabrın 22-də dövlətimizin başçısı, Qalib Ali Baş Komandan İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsində olub.

İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinin növbəti ünvanı Turşsu qəsəbəsidir. Burada aparılan quruculuq işlərinin layihə rəhbəri Elnur Abdullayev bildirib ki, Şuşa rayonu inzibati ərazisinə daxil olan Turşsu Sarıbaba silsiləsinin Kiçik Kirs dağı ətəyində dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşir, ümumi ərazisi 122,7 hektardır. Əraziyə ilkin baxış zamanı bütün evlərin dağıldığı müəyyən edildiyi üçün yaşayış yerinin yenidən qurulması və layihələndirilməsi qərarı verilib. Bu baxımdan, 353 evin tikintisi nəzərdə tutulub. Kənd təbiətin füsunkar gözəlliyi olan bir ərazidə yerləşdiyindən ümumi konsept layihə gələcəkdə turizm sektorunun inkişafına töhfə verəcək şəkildə hazırlanır. Layihə rəhbərinin sözlərinə görə, Turşsuda infrastruktur, yaşayış evləri, kommunikasiya xətləri və digər tikililər yenidən qurulacaq. Ən əsası isə tikinti vahid memarlıq üslubunda aparılacaq. Kəndin adını götürdüyü və yaxınlıqda yerləşən Turşsuda kempinq tipli istirahət mərkəzinin yaradılması, bulağın ətrafında turizm üçün vacib olan obyektlərin qurulması nəzərdə tutulur. Böyük Qayıdış proqramına əsasən Turşsu qəsəbəsindən olan keçmiş məcburi köçkünlər tezliklə doğma yurd yerlərinə qayıdacaqlar.

Turşsu bulaqları min bir dərdin dərmanı hesab olunur. Bu su ilə ürək-damar, qanazlığı, qaraciyər, öd yolları və digər xəstəliklər müalicə olunur. Çox keçməz ki, Turşsuyun loğman bulaqları yenidən yerli əhalinin, qonaqların, turistlərin oylağına çevriləcək və bu dilbər guşədə ötən illərin xatirələri yada düşəcək.

Salman ALIOĞLU,

"Respublika".