Zabux növbəti sakinlərini qarşılayır
Sosial həyat

Zabux növbəti sakinlərini qarşılayır

İşğaldan azad olunan bir sıra ərazilərimizə mərhələli şəkildə köç davam edir. Bu gözəl diyarın əsl sakinləri öz doğma ocaqlarına qayıdır və yurddaşlarımız öz torpaqlarında qurub-yaradırlar. Əlbəttə ki, bütün bu köç prosesini həyata keçirmək üçün ilk növbədə, ərazilərin yenidən tikilib-qurulması vacibdir. Bu istiqamətdə işlər həm sürətli, həm də keyfiyyətli şəkildə həyata keçirilir.

Artıq 2 ildir ki, Qarabağda bərpa-quruculuq işlərinə start verilib. İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, müasir tələblərə uyğun infrastruktur layihələri Azərbaycanın iqtisadi potensialının, inkişafının göstəricisidir. Düşmən istilasından, vəhşiliyindən, qasırğasından qurtulmuş ərazilər, dağılmış, viran qoyulmuş, kəndlər, şəhərlər bu gün ölkə başçımızın uğurlu siyasəti, dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır. Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri reallaşdırılır. İşğaldan azad edilmiş torpaqlarımızda elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür.

Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərə getməsi və bütün baş verən proseslərlə bir daha yerində tanış olması çox mühüm əhəmiyyət kəsb edirdi. Qəbul olunan Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərin infrastrukturlarının yenidən bərpa edilməsi, eyni zamanda Böyük Qayıdışın təmin olunması üçün görüləcək işlərin böyük planı hazırlandı. Bu günə qədər Ağalıya və Laçının bəzi kəndlərinə ailələr köçürülüb. Qeyd etmək lazımdır ki, 2022-ci il iyulun 19-dan 25-nə kimi mərhələli şəkildə Zəngilan rayonunun Ağalı kəndinə 41 ailənin köçü reallaşdı. Bu, Qarabağa ilk köçün qədəmləri idi. Növbəti karvan dekabrın 25-də Laçın rayonunun Zabux kəndinə yola düşüb.

Zabuxa ilk köç karvanı 2023-cü il avqustun 25-də yola salındı. Şəhərimizin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr cari il dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola çıxdı. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Ölkə başçımızın rəhbərliyi ilə Qarabağın yenidən qurulması, dirçəlməsi ilə bağlı tədbirlər geniş vüsət alır. Elə görülən işlər də bunu deməyə əsas verir. Yeni sağlamlıq, təhsil, sosial təminat mərkəzləri inşa edilir. Görülən işlərlə Prezident İlham Əliyev çox yaxından maraqlanır. O, öz çıxışında bildirib ki, Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir: "İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır".

Röya RÜSTƏMLİ,

"Respublika".