Nazim Babayev
Sosial həyat

Nazim Babayev

Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız da bunu bir daha təsdiqlədilər. İgid oğullarımız Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən igidlərimizin yolunu örnək götürürlər. Bu vətənin belə oğulları isə olduqca çoxdur.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı Babayev Nazim Abbas oğludur. Nazim 1975-ci il fevralın 7-də Salyan rayonunun Aydıngün kəndində dünyaya göz açıb. 1992-ci ildə Aydıngün kənd orta məktəbini bitirib. Bir müddət sovxozda çalışıb.

1993-cü ilin aprel ayında Nazim Milli Ordu sıralarına çağırılıb. Hərbi təlimlərdə iştirak edən N.Babayev torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmək üçün cəbhəyə yollanıb. Milli Ordu sıralarında Füzuli və Tərtər bölgələrindəki döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı Babayev Nazim Abbas oğlunun da göstərdiyi igidlik heç vaxt unudulmayacaq. Onun qısa, lakin şərəfli ömür yolu gələcək nəsillərə nümunə göstəriləcək.

1995-ci ilin mart ayı… Dövlətçiliyimiz yeni təhlükə qarşısında idi. Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində olsa da Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla alırdı.

Dövlətçiliyimizə zərbə endirmək istəyən qüvvələr yenə fəallaşmışdı. Milli Ordumuzun mətin iradəsi sayəsində təhlükə sovuşduruldu. Dövlət çevrilişinə cəhd edən qüvvələrin zərərsizləşdirilməsində Nazim Babayevin də böyük xidmətləri oldu. Aldığı güllə yarasından o, 15 mart 1995-ci il tarixdə gözlərini əbədi yumdu. Salyan rayonu Qaraçala kənd qəbiristanlığında dəfn edilmişdir. Salyan şəhərindəki mərkəzi parkda büstü qoyulmuşdur.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.

M.MİRZƏ,

"Respublika".