Zəhər yuvası artıq tarixdə qalır
Siyasət

Zəhər yuvası artıq tarixdə qalır

Uğurlu siyasi-diplomatik və hərbi kursun sayəsində Azərbaycan regional lider dövlətdir. Ölkə başçımızın qalibiyyət əzmi ilə qələbələrdən-qələbələrə addımlayan qüdrətli Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini, pozulmuş ədaləti bərpa etdi. Bu böyük uğuru əldə etmək mürəkkəb geosiyasi vəziyyətdə olduqca çətin olsa da, Azərbaycan bu sınaqdan da üzüağ çıxmağı bacardı. 44 günlük Vətən müharibəsində ölkəmiz ərazi bütövlüyünü təmin etmişdisə, 19-20 sentyabr tarixləri arasında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycanın səbir kasasını doldurmağın separatçı ünsürlərə baha başa gələcəyinin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdir ki, Azərbaycan torpaqları xunta rejimi üçün meydan olmayacaq.

44 günlük Vətən müharibəsindən sonra dəmir yumruğun xofu canlarından çıxmağa başladıqca onlar müxtəlif möhtəkirlik nümunələri sərgiləyir, təxribatlarla regionu təhlükə altında qoymağa davam edirdilər. Bununla yanaşı, 2020-ci ildən başlayaraq, rəsmi İrəvan nə qədər separatçıları dəstəkləmədiklərini bildirsə də, bu, növbəti manipulyasiya idi. Məhz Nikol Paşinyanın 2 sentyabrda "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin ildönümü ilə əlaqədar "təbrik" müraciətində Azərbaycana qarşı ərazi iddiası ifadə olunur, separatçılıq açıq şəkildə təşviq edilirdi. Ermənistanın baş naziri bildirib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər "Dağlıq Qarabağ"ın ərazi vahidi kimi mövcud olmaması və "Dağlıq Qarabağ" probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır. Bu azmış kimi, Ermənistan parlamentinin oktyabrın 3-də keçirilən iclasında Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu müzakirəyə çıxarıldı. Qeyd edək ki, Ermənistanda Roma statutu təsdiqlənəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır. Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib. Bu riyakarlıq nümunəsi bir daha göstərdi ki, Azərbaycan əsrlər boyu hansı xislətin sahibləri ilə mübarizə aparır və yaranan destabillikdə regionun rifahı üçün çalışır. Sadalanan hadisələrdən sonra belə, Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmayanlar Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxlamağa davam etdilər. Bütün bunlar ilkin olaraq ölkəmizin konstitusion quruluşuna zidd idi. Və dövlət suverenliyimizin bərpası istiqamətində əsaslı əngəl təşkil edirdi. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması məhz bu məqamda artıq gözlənilən idi. Üstəlik 6 vətəndaşımızın Ermənistanın mina terroru nəticəsində dünyasını dəyişməsi prosesin həyata keçirilməsini mütləq etdi.

Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan separatçılar zənn edirdilər ki, Azərbaycan dövləti mövcud hadisələrlə barışacaq. Lakin unutdular ki, Azərbaycanın haqq işi beynəlxalq hüquq normalarına əsaslanır. Məhz antiterror tədbirləri ilə biz bunu bir daha sübut etmiş olduq. Separatçıların tərk-silah edilməsi, Ermənistan silahlı qüvvələrinin Xankəndidən çıxarılması bölgədə sabitliyin təmin edilməsi üçün mütləq idi. Məhz bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində reallaşdırılmış antiterror tədbirlərinə bu gün anti-Azərbaycan dairələrindən başqa hər kəs ədalətli yanaşır. Bununla yanaşı, Avropa İttifaqının sentyabrın 26-da açıqladığı bəyanat da Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallığın dünya birliyi tərəfindən qəbul edildiyini göstərir. Qeyd edək ki, bəyanat Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə baş tutmuş görüşdən sonra yayımlanmışdır.

Ölkə başçımız demişdir: "...Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır...". O zaman separatçıların səs-səmiri demək olar ki, heç gəlmirdi. Vətən müharibəsində Azərbaycanın qüdrətini görüb çoxdan Xankəndini tərk edərək İrəvana qaçmışdılar. Lakin qeyd etdiyimiz kimi, dəmir yumruğun kölgəsi separatçıların başından əskik olan kimi ilk fürsətdə yenidən ərazilərimizdə qeyri-qanuni olaraq "fəaliyyətə" davam etdilər. Onlar anlamadılar ki, Azərbaycan sonacan haqq işini yerinə yetirəcək. Üstün səviyyədə təşkil edilmiş lokal tədbirlərdə məhz separatçı ünsürlərin hərbi texnikalarının bir-bir sıradan çıxarılması və dünya standartlarına cavab verən tərzdə proseslərin icra edilməsi ilə Azərbaycan həm erməni əhalisinin təhlükəsizliyini təmin etdi, həm də xunta rejimini əbədi olaraq tarixin tozlu səhifələrinə göndərdi. Unutmamalıyıq ki, qeyri-qanuni erməni silahlıları yalnız region üçün deyil, həmçinin Qarabağın sakinləri olan dinc ermənilərin özü üçün də ciddi təhlükə mənbəyi idi.

Mövcud vəziyyətdə artıq Azərbaycanın konstitusion qaydaları Xankəndi və ətrafında bərqərar olmaqdadır. Bununla da 32 ildir ki, Qarabağda özünü "dövlət" adlandıran oyuncaq rejim "gorbagor" oldu.

Separatçılar isə bir-bir məsuliyyətə cəlb olunurlar. 3 il bundan qabaq qaçıb "xilas" ola bilmişdilərsə, bu dəfə dövlətimizin ədalətindən yayına bilmədilər. Məlum olduğu kimi, separatçıların keçmiş "nazir"lərindən biri də Vardanyan Ruben Karlenoviç idi ki, o da artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunmuşdur. Qondarma rejimin digər nümayəndələri Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilmişdir. Bunlar həmin cinayətkarlardır ki, Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulmasının və mülki əhalinin qətlə yetirilməsinin əmrini vermişdilər. Heç şübhəsiz, onları da Ruben Vardanyanın aqibəti gözləyir. Ölkə başçımız bildirmişdir ki, dinc yolla tutduqları "vəzifə"ləri buraxsınlar və Azərbaycanın qanunvericiliyinə tabe olsunlar. Bu halda onlar mümkün amnistiyadan yararlana bilərdilər. Lakin xain xislət sahibləri bu fürsətdən də yararlanmaqdan imtina etdilər.

BMT missiyasının Qarabağa səfərindən sonra verdiyi bəyanat bir daha Azərbaycanın şəffaflığı qoruduğunu göstərdi. Əfsuslar olsun ki, daim reinteqrasiya çağırışları edib, erməni əhalisini birgəyaşayışa səsləsək də, əksəriyyət Xankəndidən çıxmağı üstün tutur. Bu məqamda da bir sıra spekulyasiyaların şahidi oluruq ki, guya Azərbaycan erməniləri öz yurd yerlərindən çıxmağa məcbur edir. Lakin missiyanın bəyanatı ilə bu fikirlərin də əsassız olduğu ortaya çıxdı.

Nurlan ABDALOV,

 "Respublika".