Zəngəzur dəhlizi reallığa çevrilir
Gündəm

Zəngəzur dəhlizi reallığa çevrilir

44 günlük Vətən müharibəsi və keçirilən son antiterror tədbirləri ilə birlikdə suverenliyimizin tam təmin edilməsindən sonra gündəlikdəki başlıca məsələlərdən biri də bölgənin iqtisadi potensialını artırmaq, nəqliyyat əlaqələrini gücləndirməkdir. Məhz sülh müqaviləsinin imzalanması məsələnin regional iqtisadi aspektini daha da təkmilləşdirəcəkdir. Lakin mövcud reallıqda Ermənistan sülhə önəm vermədiyi kimi, regionun ona qazandıracağı divindendlərdən özünü təcrid etmiş olur. İqtisadi-siyasi xaos içində çabalayan rəsmi İrəvanın mövqeyi xalqı uçuruma sürükləsə də, Paşinyan rejimi destabilliyi qorumaq niyyəti güdür. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun olaraq Ermənistan Naxçıvan və qərb rayonlarımızın əlaqəsi daxil olmaqla bütün kommunikasiyaları bərpa etməli idi. Əfsuslar olsun ki, xain xislətli düşmən keçmişdə olduğu kimi, indi də öhdəliklərini yerinə yetirməkdən imtina edir.

Ermənistan bu addımla Azərbaycanın və türk dünyasının inkişaf trayektoriyasını dəyişdirdiyini düşünürdüsə, bu gün bu xəbis niyyətin puç olduğunun şahidi oluruq. Belə ki, dəhlizin reallığa çevrilməsi üçün Ermənistana ehtiyac yoxdur. Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirildi və tikinti işlərinə başlanıldı.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində bu məsələ ilə bağlı qeyd etmişdi: "...Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq". Qeyd edək ki, İranla birgə reallığa çevriləcək olan bu layihə olduqca böyük əhəmiyyətə malikdir. Verilən məlumata əsasən avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturu ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət edəcək. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək.

Bir məqamı diqqətə çatdırmaq lazımdır ki, sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzaladılar.

Bununla da nəqliyyat dəhlizinin əsas elementləri daha da müəyyənləşmiş oldu. Qars-Naxçıvan dəmir yolu xətti Zəngəzur dəhlizinin yükgötürmə qabiliyyətinin formalaşması üçün nəzərdə tutulur. Tam olaraq qeyd etsək, Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Bu layihələr Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Azərbaycan və Türkiyə hökumətləri layihənin iqtisadi və həm də siyasi əhəmiyyətini nəzərə alıb, onun reallaşdırılmasını mümkün qədər sürətləndirməyə cəhd göstərirlər. Layihənin birinci mərhələsi 2020-ci ilin fevral ayının 25-də "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanmasıdır. Hazırda Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənmişdir. Dəmir yolu 224 kilometr uzunluğunda və 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulmuşdur.

Zəngəzur dəhlizi Mərkəzi Asiya və Avropanın inteqrasiyası üçün olduqca mühüm layihədir. Xüsusilə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılması, eləcə də bölgədə nəqliyyat əlaqələrinin genişləndirilməsi məqsədilə qlobal güclərin dəhliz üzərindəki marağı olduqca böyükdür. Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir. Zəngəzur dəhlizi Azərbaycanın potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək üçün mühüm addımdır. Dəhlizin ölkəmizin ərazisindən keçməsi tranzit yüklərin həcminin artması ilə müşahidə edilməkdədir.

Mövcud reallıq bunu deməyə əsas verir ki, Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu amil əsas ticarət yollarının kəsişməsində yerləşən ölkəmizin sürətli inkişafını şərtləndirən mühüm amillərdən biridir. Bu gün düşünülmüş, müstəqil siyasət həyata keçirən dövlətimiz bütün sahələrdə olduğu kimi, böyük həcmdə investisiya yatırdığı nəqliyyat şəbəkələrinin də inkişafına nail olmuşdur. Azərbaycan beynəlxalq arenada zəngin təbii ehtiyatlara, güclü iqtisadiyyata sahib olan etibarlı tərəfdaş olaraq tanınır. Çindən Avropaya yüklərin daşınmasında əsas seqment kimi Azərbaycanın mövqeyi bu amili bir daha sübut edir. Zəngəzur dəhlizinin açılması nəticəsində deyə bilərik ki, il ərzində 400 milyard dollardan çox yüklərin transportasiyası gerçəkləşə bilər. Yükdaşıma qabiliyyəti ilə yanaşı, Azərbaycanın bu beynəlxalq layihədəki mövqeyi eyni zamanda da türk dünyasının birləşməsində də rol oynayacaq. 300 milyon nəfərlik böyük bir coğrafiyanın tranzit ehtiyacının bu yol vasitəsilə ödənməsi olduqca əhəmiyyətlidir.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi layihəsinin reallığa çevrilməsi prosesi Azərbaycanın qürur mənbəyidir. Taleyüklü dövrləri artıq geridə buraxmış xalqımızın öz suveren ərazilərimizdə bu cür inkişaf və tərəqqiyə şahidlik etməsi tariximizə qızıl hərflərlə yazılmaqdadır. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu o dövrdə ermənilərin ciddi narazılığı ilə qarşılansa da, mövcud reallıqda xain düşmənin gözü qarşısında Azərbaycan bu gün bu prosesi reallığa çevirir. Bununla bir daha regionda diktə edən tərəfin kim olduğu bariz şəkildə görünür. İstənilən halda Ermənistan tərəfi növbəti dəfə uduzan tərəfdir.

Nurlan ABDALOV,

"Respublika".