Zəngəzur dəhlizi regionun geosiyasi əhəmiyyətini daha da artıracaq
Siyasət

Zəngəzur dəhlizi regionun geosiyasi əhəmiyyətini daha da artıracaq

"Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq... Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik". Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Çinin "China Media Group" media korporasiyasına müsahibəsi zamanı səsləndirib.

Zəngəzur dəhlizinin açılması ilə blokadadan çıxaraq ölkə iqtisadiyyatına tam inteqrasiya edə biləcək Naxçıvan Muxtar Respublikası hərtərəfli iqtisadi inkişafa nail olacaq. Azərbaycanla Naxçıvan arasında olan ərazi Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq.

Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq. Yaranan yeni nəqliyyat imkanları Avropa ilə Asiyanı birləşdirəcək ki, bu da Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyətini daha da artıracaq. Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin reallaşması türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Dəhlizin işə düşməsi Ermənistanın 30 il Azərbaycan ərazilərini işğal altında saxlaması nəticəsində bölgədə məhdudlaşan bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə imkan verəcək. Cənubi Qafqazda əməkdaşlığın, sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasını dəstəkləyən və daim bu təşəbbüslərlə çıxış edən ölkəmiz iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək, böyük sənaye zonaları yaradacaq, eyni zamanda strateji təhlükəsizlik baxımından maraqlarını təmin edəcək.

Qərbdən Şərqə uzanan ticarət yolu olacaq Zəngəzur dəhlizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhlizin fonunda bölgənin əhəmiyyətini daha da artıracaq. Həmçinin, Mərkəzi Asiya ölkələri Orta Dəhliz üzərindən Zəngəzur dəhlizinə birbaşa çıxış əldə edəcəklər. Beləliklə, beynəlxalq yükdaşımaların ən cəlbedici marşrutu olan Orta Dəhliz Zəngəzurda kəsişəcək.

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsini dəyişəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanları yaradacaq Zəngəzur dəhlizinin effektivliyi xarici şirkətlərin regiona sərmayə yatırmasına əsas verəcək. Belə ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi türk dünyasının Ümumi Daxili Məhsulunun həcmini artıracaq, Türkiyədən başlayaraq quru yol ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcək.

Dəhliz beynəlxalq yükdaşımalarda yüklərin daha tez daşınması baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanı təkcə uzun illərdir blokada şəraitində olan Naxçıvanla deyil, həmçinin Türkiyə və Avropa ilə də birləşdirəcək. Çin və Orta Asiya ölkələrindən ölkəmizə daxil olan yüklər Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan Avropaya və əks-istiqamətə daşınacaq. Bu mənada, qlobal əhəmiyyət daşıyan Zəngəzur dəhlizi ilə daha böyük həcmdə yüklərin daşınması mümkün olacaq ki, bu da ölkəmizin regiondakı mövqeyini daha da möhkəmləndirəcək.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanata əməl etməməklə beynəlxalq hüquq normalarını pozan Qərb qonşumuz artıq 3 ilə yaxındır ki, Zəngəzur dəhlizinin açılmasına razılıq vermir. Qarşı tərəf dəhlizin işə düşməsinə süni maneələr yaratmaqla ilk növbədə özünü regionda reallaşan irimiqyaslı layihələrdən təcrid edir. Çünki heç bir fiziki bağlantısı olmayan Ermənistandan fərqli olaraq regionun lider dövləti olan Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var. Dəhlizin açılmasının vacibliyini vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində demişdir: "Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır".

Mehparə ƏLİYEVA,

"Respublika".