Zəngəzur dəhlizinin açılmamasında uduzan yenə də Ermənistan olacaq
Digər xəbərlər

Zəngəzur dəhlizinin açılmamasında uduzan yenə də Ermənistan olacaq

Zəngilanın Ağbənd kəndində Araz çayı üzərində tikiləcək körpünün təməlinin qoyulması Zəngəzur dəhlizinin alternativ variantının reallaşması deməkdir. 2024-cü ilin sonunda bu körpü üzərindən Azərbaycana gələn yüklər İrandan keçərək Naxçıvana, daha sonra isə Türkiyəyə çatdırılacaq. Dolayısı ilə Pekindən başlayan yol buradan keçməklə Londona qədər uzanacaq.

Beləcə, Azərbaycan Avrasiyada növbəti nəqliyyat dəhlizinin fəaliyyətə başlamasına nail olacaq. Bu da Bakının həm iqtisadi, həm də siyasi dividendlər qazanması ilə nəticələnəcək. Bu prosesdən Tehran da qazanclı çıxacaq. Ermənistan isə hadisələrin gedişatında yeganə uduzan tərəf hesab oluna bilər. Çünki sözügedən kommunikasiya xətləri Ermənistan ərazisindən keçsəydi, ondan gələn gəlirlər Paşinyan hökumətinin büdcəsinə daxil olacaqdı. Digər tərəfdən, Ermənistanın Zəngəzur tərəfə dəmir yolu yoxdur. Amma sözügedən layihə Ermənistana İranla ticarətini Naxçıvan vasitəsilə həyata keçirməyə imkan verəcəkdi. İrəvan Zəngəzur yolunu öz ərazisindən açmasa, bu dövlət tamamilə blokadada qalmış olacaq. Çünki şərqdən Azərbaycan, qərbdən Türkiyə ilə həmsərhəd olan Ermənistan İrandan keçəcək yol ilə cənubdan da mühasirəyə düşəcək. İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, bu halda İrəvanın Zəngəzur dəhlizini açmaqdan başqa seçimi qalmır.

"Rusiya-Ukrayna müharibəsindən sonra ölkələrin bir-birinə tətbiq etdiyi sanksiyalar dünya yük axınının xəritəsini yenidən formalaşdırır. Ümumiyyətlə, alternativ dəhlizlər, müxtəlif yükdaşımalar üçün optimal yolların tapılması iri dövlətlərin diqqət mərkəzində saxlanılır. Supergüclər çalışır ki, həm alternativ istiqamətlər olsun, həm bu dəhlizlər kifayət qədər müstəqil ölkələrdən keçsin, müxtəlif manipulyasiyalara və təzyiqlərə, sanksiyalara məruz qalmasın, həm də prosesin icrası qısa zaman və az xərc tələb etsin.

Hələ münaqişə başlamazdan öncə Orta Dəhlizin xüsusi əhəmiyyət kəsb etdiyi aydın şəkildə görünürdü. Çin hökuməti qədim İpək Yolunu bu formada canlandırmağa çalışırdı. Məlumdur ki, İpək Yolu həmin dövrdə yaşayan sahibkarların və tacirlərin istifadə etdiyi optimal, rentabelli istiqamət idi. Sonradan SSRİ-nin qurulması və münasibətlərin kəskinləşməsi bu yolun arxa planda qalması ilə nəticələndi. Amma Şərqi Avropadakı müharibə fonunda alternativ və əlverişli dəhlizlərin ön plana çıxması Orta Dəhliz, eləcə də Zəngəzur dəhlizi məsələsini aktuallaşdırdı. Buna baxmayaraq, Ermənistanın Zəngəzur dəhlizinin açılmasının istəməməsi anlaşılmazdır. Çünki bu dəhlizdən istifadə edərək İrəvanın həm Mərkəzi Asiya, həm Türkiyə, həm də Rusiya bazarına çıxış imkanlarının əlveriş təmini mümkündür. Çindən gələn yüklərin bu istiqamətdə hərəkət edərək Ermənistana daxil olması bütün region ölkələrinin də mənafeyinə uyğundur. Amma Paşinyan hökuməti ölkəsinin bu səviyyədə beynəlxalq layihədə iştirakının qarşısını alır. Yəni erməni ictimaiyyəti unudur ki, dəhlizdən imtina edirsə, uduzan tərəf elə Ermənistanın özü olacaq. Necə ki, vaxtilə destruktiv mövqeyi nəticəsində neft və qaz kəmərləri ölkəsindən yan keçib, indi də nəqliyyat dəhlizinin üstünlüklərindən faydalana bilməyəcək".

"Respublika".