Qəhrəmanlar unudulmur
Region

Qəhrəmanlar unudulmur

20 yaşlı ağdamlı gənc, hərbi xidmətdə olarkən təbii fəlakətlə üzləşən dinc sakinləri xilas edərkən qəhrəmanlıq nümayiş etdirən Rahib Məmmədov cəsur və qorxmaz əsgər kimi keçmiş sovet ölkəsində məşhurluq qazandı. Hünəri və igidliyi dillərdə dolaşan Rahib əbədiyyətə qovuşandan sonra onun xatirəsi heç zaman unudulmayıb. Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmancasına həlak olan Rahib Məmmədovun anadan olmasının 55 illiyi münasibətilə Ağdam Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Ağdam və digər rayonlardan gəlmiş gənclər, ictimaiyyət nümayəndələri Rahib Məmmədovun Mahrızlı kəndindəki məzarını, igid əsgərin adını daşıyan məktəbin qarşısındakı abidəsini ziyarət ediblər. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların və Rahib Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Döyüş Şöhrəti Muzeyində R.Məmmədova məxsus əşyalara baxış keçirilib.

Tədbirdə çıxış edənlər Rahib Məmmədovun qısa, lakin mənalı və qəhrəmanlıqla dolu həyatından söz açıblar. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra "Qırmızı ulduz" ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub. Cəsur əsgər həlak olan gün Çaladidi kəndində doğulan oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar.

Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib. Rahib Məmmədovun ailə üzvləri adından çıxış edən qardaşı Sahib Məmmədov tədbir iştirakçılarına minnətdarlığını bildirib, qəhrəmanların heç vaxt unudulmadığını qürur hissilə bildirib. Sonra Rahib Məmmədov haqqında çəkilmiş "Sabaha olan hava proqnozu" və "Əbədiyyətə qovuşan ömür" adlı sənədli filmlər nümayiş olunub.

 Salman ALIOĞLU,

 "Respublika".