Səfir: Bişkeklə Bakı arasında əlaqələr fəal şəkildə inkişaf edir
Siyasət

Səfir: Bişkeklə Bakı arasında əlaqələr fəal şəkildə inkişaf edir

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

“Respublika” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev deyib.

“Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfərinin çox yüksək səviyyədə keçirildiyi və hətta bəzi gözləntiləri də üstələdiyi barədə qiymətləndirmələrimiz var. Xüsusilə, strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi barədə Birgə Bəyannamə daxil olmaqla çox mühüm sənədlər imzalanıb. Söhbət ümumilikdə 18 sənəddən gedir”, - o vurğulayıb.

Onun sözlərinə görə, Qırğızıstan rəhbərinin səfəri zamanı daha bir mühüm hadisə - Çingiz Aytmatovun abidəsinin açılışı olub:

“Bundan başqa, hazırda Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günləri keçirilir. Bu, həm də Dövlətlərarası Şuranın qərarlarından biridir. Bu iclasda iqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı sahələrinə dair bir çox məsələlər müzakirə olunub. Çox məzmunlu danışıqlar aparıldı. Bu müzakirələri 2024-cü ildə keçiriləcək Azərbaycan və Qırğızıstan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclasında davam etdirəcəyik”.

Səfir xüsusilə əlamətdar hadisənin Qırğızıstanın qardaş Azərbaycan xalqına hədiyyəsi olan Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasiminin olduğunu vurğulayıb.