Bölgələrdə yerləşən soğan təsərrüfatlarında monitorinqlər aparılıb
Region

Bölgələrdə yerləşən soğan təsərrüfatlarında monitorinqlər aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri Ağdam, Ağcabədi və Bərdə rayonlarının ərazisində yerləşən 25 soğan təsərrüfatında monitorinqlər aparıb.

Bu barədə "Respublika"ya  AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, Ağdam rayonunda saxlanma yerlərindəki soğanın çürüməsi barədə daxil olan müraciət və Milli Monitorinq Planına əsasən həyata keçirilən monitorinqlər zamanı torpaqdan, həmçinin yetişdirilən və 2 anbarda saxlanılan soğan məhsulundan nümunələr götürülüb. 78-i karantin-ekspertiza, 67-si PZR olmaqla, ümumilikdə 145 nümunə müvafiq laboratoriyaya təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən, 1 təsərrüfatdan götürülmüş torpaq nümunəsində qızılı kartof nematodu, 2 anbardan götürülmüş nümunədə qara kiflilik, 1 təsərrüfata məxsus sahədən götürülmüş məhsulda soğan kök gənəsi, 6 təsərrüfatda tütün tripsi, 6 təsərrüfatda isə soğan yarpağının çürüməsi xəstəliyi aşkarlanıb.

Laborator nəticələrin, o cümlədən simptomların təhlili göstərir ki, hazırda soğan sahələrində mövcud olan problemin əsas səbəbi tütün tripsi (Thrips tabaci) və onun zədələdiyi toxumalarda inkişaf edən göbələk mənşəli ikincili infeksiya-soğan yarpağının çürüməsi (Stemphylium vesicarium) xəstəliyidir. Bununla yanaşı, tütün tripsi əsas olmaqla, digər sorucu həşəratların səbəb olduğu göbələk və virus mənşəli bitki xəstəliklərinin, eləcə də soğan məhsulunun saxlama şərtlərinə əməl edilməməsinin bu problemi yaratdığı istisna olunmur.