İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Sumoçularımız yarışda uğurla iştirak ediblər

Estoniyanın Rakvere şəhərində yeniyetmələr arasında sumo üzrə Avropa birinciliyi keçirilib. Yarışda ölkəmizi təmsil edən yığma komandamızın 10 üzvündən 7-si mükafatçılar sırasında yer alıb.

16 yaşa qədər yeniyetmələrin yarışında Rüfət Quliyev (65 kq) gümüş, Nuhan Müzəffərov (50 kq) və İman Babayev (75 kq) isə bürünc medal qazanıblar. 18 yaşadək yeniyetmələr arasında Veys Nəbiyev (55 kq), Vəlirza Vəliyev (60 kq) və Ramazan Bəxtiyarov (100 kq) gümüş, Arif Şıxbabayev (100 kq) isə bürünc medala sahib olublar.

Həmçinin, idmançılarımızdan Arif Şıxbabayev, Xəlil Murzayev, Nihad Məmmədzadə, İman Babayev komanda yarışında çempionatın bürünc mükafatına  layiq görülüblər.

Taekvondoçumuz bürünc medal qazanıb

Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan milli komandasının üzvü Zemfira Həsənzadə (44 kq) yarımfinalda ispan rəqibinə məğlub olduğundan üçüncü yerlə kifayətlənib.

 

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku yarışı keçirilib

Azərbaycanda Triatlon Federasiyasının (ATF) təşkilatçılığı ilə ilk dəfə ölkə kuboku yarışı keçirilib. Ölkə kuboku yarışında 130-dan çox idmançı iştirak edib.

Kişilər arasında yarışda Rostislav Pevtsov qalib gəlib. Toğrul Məmmədli gümüş, Kam Bular bürünc medal qazanıb. Qadınların yarışında Rəbiyə Orucova birinci yeri tutub. Alis Atkins gümüş, Marina Belan isə bürünc medala yiyələnib. Estafet yarışında Denis Karçaşkin, Cəmşid Kassimov və Vüqar Abdullah birinci, Cəfər Məmmədov, Giyom Kler Mari və Tapdıq Dadaşov ikinci, Elçin Bəkirov, Yusif Nəcəfov və Samir Məcidov isə üçüncü yerlə kifayətləniblər. Duatlon yarışında oğlanlar arasında Səid Zairov qələbə qazanıb. Teymur Cəfərov gümüş, Əli Rzazadə isə bürünc medala sahib çıxıblar. Qızların mübarizəsində isə Medisa Tasbihi, Elisa Skalabri və Milana Xəlilova ilk üçlükdə yer alıblar.

 

İdmançımız gümüş medala layiq görülüb

Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb.

Finalda 17 idmançı ilə mübarizə aparan avarçəkənimizi dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. Diana Dimçenko fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

O, 2018-ci və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.

Nərgiz İSMAYILOVA,

“Respublika”.