İdmanın inkişafı ölkəmizin beynəlxalq arenada nüfuzunu gücləndirir
İdman

İdmanın inkişafı ölkəmizin beynəlxalq arenada nüfuzunu gücləndirir

Avropa Olimpiya Komitələri Assosiasiyası (AOKA) 1959-cu ildə Fransada yaradılıb. Beynəlxalq idman təşkilatının ilk nizamnaməsi 1975-ci ildə Lissabonda qəbul edildi və AOKA-nın adı dəyişdirilərək Avropa Milli Olimpiya Komitələri Assosiasiyası (AMOKA) adlandırıldı. 1995-ci ildə adı ikinci dəfə dəyişdirilərək Avropa Olimpiya Komitəsi kimi rəsmi sənədlərdə qeyd olundu. Hazırda bu təşkilatın 48 üzvü var. Azərbaycanla Avropa Milli Olimpiya Komitəsi arasında münasibətlərin yaranması isə 90-cı illərin sonlarına təsadüf edir. Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis olundu, 1993-cü ildə isə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edildi.

Azərbaycan Olimpiya Hərakatını şərti olaraq üç dövrə bölmək mümkündür: SSRİ yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirak (1952-1992), Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Olimpiya oyunlarında iştirak (1992) və Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Hərakatına qoşulması (1992-ci ildən sonrakı dövr). 1996-cı ildə isə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatıldı. Ölkəmiz Atlantada 23 idmançı ilə təmsil olunaraq bir gümüş medal qazandı. Bununla belə, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyi qənaətbəxş hesab edilmirdi. Bu səbəbdən də, Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri dəqiqləşdirildi. Ölkədə idmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində görülən işlərlə yanaşı, yüksəksəviyyəli beynəlxalq əlaqələrin qurulması da qurumun fəaliyyətində ön plana keçdi.

Azərbaycan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək qısa müddət ərzində uğurlu nəticələr əldə etdi. Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarına idmançılarıçılarımızı yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 20 yanvar 1998-ci il tarixli sərəncamı MOK-un daha məqsədyönlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nəticəsində Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında respublikamızın idmançıları 2 qızıl və 1 bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycanın 34-cü, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi. Ardınca 2003-cü il Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarında isə respublikamız idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə ölkəmiz 3 yeni idman növü - bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışlara qatıldı. Yekunda olimpiya komandamız 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37-ci, əyarına görə 50-ci yeri tutdu. Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında isə artıq Azərbaycanın milli olimpiya komandası müxtəlif idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü. Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında isə velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınadılar.

2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçirildi. Yarışlarda Avropanın 50 ölkəsinin 10 min idmançısı mübarizə apardı. Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olundu. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. İdmançılar 253 dəst medal uğrunda yarışdılar. Oyunlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanaraq yarış cədvəlində medalların sayına və əyarına görə 2-ci yerə sahibləndi. 2017-ci ildə ölkəmiz daha bir mötəbər idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması 142 idmançı ilə 9 idman növündə təmsil olundu. Azərbaycan idmançıları Oyunlarda ümumilikdə 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanmaqla medalların əyarına görə 1-ci yeri tutdu. Son zamanlar dünyanın mötəbər idman təşkilatlarının bir sıra yarışların keçirilməsini Azərbaycana həvalə etməsi ölkəmizdə idmanın inkişafına göstərilən qayğı və diqqətin nəticəsidir.

Hazırda Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan əlavə, 68 min tamaşaçı tutumuna malik olan Bakı Olimpiya Stadionu, Bakı "Su İdman Sarayı", Bakı Avropa Oyunları Parkı, Heydər Əliyev adına İdman Konsert Kompleksi, Respublika Olimpiya Mərkəzi, Bakı Atıcılıq Mərkəzi, Respublika Velotreki, T.Bəhramov adına Respublika Stadionu, Bakı Kristal Zalı, Velopark, Bakı Tennis Akademiyası, Milli Gimnastika Arenası, Paralimpiya İdman Kompleksi, Bakı İdman Sarayı, Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzi kimi idman qurğuları idmanın inkişafına yaxşı imkanlar yaradır.

Bir çox sahələrdə olduğu kimi, idmanda da beynəlxalq səviyyədə yüksək əlaqələr qurmaq, əməkdaşlıq yaratmaq mühüm əhəmiyyət daşıyır. Bu sahədə beynəlxalq əlaqələrin düzgün qurulması nəinki ölkədə idmanın kütləviləşməsinə şərait yaradır, həmçinin ölkənin dünyada nüfuzunun artmasına səbəb olur. Bu gün qürur hissi ilə demək olar ki, Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə böyük nüfuza sahibdir. Ölkəmizdə bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində idman inkişaf edir. Paytaxtımız dünya idman yarışlarının mərkəzinə çevrilib, təmsilçilərimiz ən mötəbər yarışlarda uğur qazanırlar. Respublikamızda idmanın və Olimpiya Hərəkatının inkişafını Azərbaycana müxtəlif vaxtlarda işgüzar səfərlər edən beynəlxalq idman təşkilatlarının rəhbərləri və nümayəndələri də yüksək qiymətləndirirlər. İdmanın yüksək inkişafı üçün Azərbaycan beynəlxalq qurumlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Jalə QASIMZADƏ,

"Respublika".