İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

"Azərreyl" klubu cari ildə ilk qələbəsini qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunu keçirilib. Voleybol Mərkəzində təşkil edilən matçda "Azərreyl" və "Abşeron" klubları üz-üzə gəliblər. "Azərreyl" komandası hər üç setdə üstünlük nümayiş etdirərək, oyunu 3:0 hesabı ilə başa vurub.

Aktivinə 3 xal yazdıran "Azərreyl" 6 xalla turnir cədvəlində birinci, "Murov" 3 xalla ikinci yerdə qərarlaşıb. "Abşeron" və UNEC-in isə xalı yoxdur.

 

"Turan Tovuz" klubu yoxlama oyununda qalib olub

Antalyada təlim-məşq toplanışında "Turan Tovuz" klubu növbəti yoxlama oyunu keçirib. Tovuz klubu ikinci sınağında İsveçrənin "Arau" komandası ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu Ayxan Hüseynov vurub.

İlk yoxlama matçında Rumıniyanın "Petrolul" komandasına uduzan (2:3) "Turan Tovuz" klubu yanvarın 17-də Polşanın "Qurnik" klubu ilə qarşılaşacaq. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq Vətənə dönəcək.

60 ölkədə Formula 1 Azərbaycan Qran-Prisinə biletlər alınıb

Formula 1 Azərbaycan Qran-Prisinə Avropa, Asiya və Şimali Amerika ölkələrində maraq olduqca yüksəkdir.  1 ay ərzində 60 ölkədə Azərbaycan Qran-Prisinə biletlər alınıb və proses davam edir.

Bilet alanlar arasında Niderland, Böyük Britaniya, Türkiyə, Qazaxıstan, Hindistan, ABŞ və Meksika kimi ölkələrin azarkeşləri üstünlük təşkil edirlər.

 

Millimiz təsnifat turnirinə qələbə ilə başlayıb

Yanvarın 13-də Bakıda kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə start verilib. Kişi həndbolçulardan ibarət Azərbaycan millisi turnirə qələbə ilə başlayıb.

Millimiz Bakı İdman Sarayında Malta yığması ilə qarşılaşıb. Fasiləyə 18:6 hesablı üstünlüklə yollanan yığmamız sonda 34:25 hesabı ilə qələbə qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".